Azərbaycan Türkiyəyə zəlzələ ilə bağlı hər cür yardım göstərməyə hazırdır

Türkiyədə zəlzələ

Azərbaycan prezidenti İlham Əliyev Türkiyədə baş verən zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib.

Yanvarın 24-də Türkiyədə 6,8 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Elazığ vilayətindədir.

Türkiyənin şərqində baş vermiş zəlzələ nəticəsində həlak olanların sayı 20 nəfəri ötüb, yaralananların sayı azı 1015 nəfərdir. Bu barədə bu gün “Anadolu” agentliyi məlumat yayıb.

“Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm,” Azərbaycan prezidentinin başsağlığında deyilir.

Azərbaycan Xarici İçlər Nazirliyi də Türkiyədə dağıdıcı zəlzələ nəticəsində insan tələfatı ilə bağlı dərin hüznlə başsağlığı verib.

“Qardaş Türkiyədə baş vermiş zəlzələdə həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralılara allahdan şəfa diləyirik. Azərbaycan qardaş Türkiyə xalqının kədərini bölüşür, hər zaman onunla birlikdədir və hər cür yardım göstərməyə hazırdır,” Azərbaycan Xarici İşlər Nazirliyinin Twitter səhifəsində dərc edilmiş məlumatında deyilir.