İyunun 12-də Qəbələ şəhərində (Bakıdan 235 kilometr qərb) Azərbaycan müdafiə naziri Zakir Həsənov, Türkiyə milli müdafiə naziri Hulusi Akar və Gürcüstanın müdafiə naziri Levan İzoriya arasında üçtərəfli formatda görüş keçirilib.
Azərbaycan Müdafiə Nazirliynin mətbuat xidmətinin məlumatına görə, görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət, üçtərəfli formatda hərbi əməkdaşlığın inkişaf etdirilməsi, regional layihələrin təhlükəsizliyinin təmin olunması məsələləri müzakirə edilib. Danışıqların yekununa dair protokal imzalanıb.
Azərbaycanın müdafiə naziri Zakir Həsənov deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstanın müdafiə sahəsində əməkdaşlığı inkişaf edir.
Nazir qeyd edib ki, hər üç ölkənin müdafiə naziri Türkiyənin terrorizmə qarşı mübarizəsini dəstəklədiyini bildirib.
“Görüşdə Gürcüstan və Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olundu. Hərbi, hərbi-texniki, hərbi təhsil və hərbi tibb sahəsində görülən işlər müzakirə olundu. Xüsusilə qeyd etmək istəyirəm ki, hərbi əməkdaşlıqda birgə təlimlər xüsusi rol oynayır. İlbəil birgə təlimlərin sayı artır. Misal üçün, 2018-ci ildə Türkiyə və Azərbaycan arasında 7 təlim icra olunub. Bu il isə 13 təlim keçiriləcək. Azərbaycan və Türkiyənin təşkil etdiyi təlimlərə Gürcüstan da dəvət olunub”, müdafiə naziri qeyd edib.
Gürcüstanın müdafiə naziri Levan İzoriyanın sözləerinə görə, Gürcüstan tərəfi gələcəkdə də Azərbaycan və Türkiyənin keçirdiyi birgə təlimlərə qoşulacaq.
“Azərbaycan və Türkiyənin müdafiə nazirlərinə təşəkkür edirəm ki, NATO-nun himayəsi altında Gürcüstanda keçirilən çoxmillətli beynəlxalq təlimlərə qoşulmaqla, öz dəstəklərini əsirgəmirlər. Bugünkü görüşümüz strateji tərəfdaşlığımızı təsdiq etməklə yanaşı, xalqlarımızın təhlükəsizliyini təmin etmək baxımından da vacibdir”, o qeyd edib.
Türkiyə milli müdafiə naziri Hulusi Akar hesab edir ki, üç ölkənin yerləşdiyi coğrafiya neft və təbii qaz kimi önəmli enerji mənbələrinin işlənməsi, onların dünyanın digər bölgələrinə çatdırılması baxımından strateji əhəmiyyət daşıyır.
“Bu coğrafiya beynəlxalq aktyorların da qarşı-qarşıya gəldiyi, üzərində xüsusi durduğu bölgədir. Bu səbəbdən üç ölkənin əməkdaşlığı, birlikdə fəaliyyət göstərməsi çox önəmlidir”.
Türkiyəli nazir bildirib ki, müdafiə, hərbi və təhlükəsizlik sahəsində üç ölkənin də maraqlarına xidmət edən əməkdaşlıq mövcuddur.
“Yeni planlar hazırlanır. İnanıram ki, gələcəkdə yalnız müdafiə, hərbi və təhlükəsizlik sahəsi ilə məhdudlaşmayacaq, digər sahələri də əhatə edəcək. Əməkdaşlığın miqyası genişlənəcək. Bu əməkdaşlıq digər ölkələr üçün örnək olacaq”, Akar deyib.
Müdafiə nazirlərinin üçtərəfli formatda ilk görüşü 2014-cü ilin avqustunda Azərbaycanın Naxçıvan şəhərində baş tutub. O zaman tərəflər bu cür görüşləri mütəmadi keçirmək qərarına gəliblər.