Mayın 15-də Yardımlı rayonunun Gendərə kəndi (Bakıdan 300 kilometr cənub) yaxınlığında 3 nəfər naməlum şəxs dövlət sərhədini İran tərəfdən qanunsuz olaraq keçərkən Azərbaycan sərhədçilərinin əmrinə tabe olmayaraq odlu silahdan atəş açıb və baş leytenant Samir Eyvazov və kiçik gizir Fərid Alimov həlak olub.
Azərbaycan Baş Prokurorluğunun Mətbuat Xidməti bildirir ki, sərhəd pozucularından biri saxlanılıb, saxlanılan şəxsin İran vətəndaşı Bərgi Həsənəli Novruz oğlu olduğu müəyyən edilib.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən Cinayət Məcəlləsinin 120.2.1 (qəsdən adam öldürmə), 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən narkotik vasitə və psixotrop maddələrin qaçaqmalçılığı), 234.4.1 və 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma), 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılıb.
Məlumatda deyilir ki, hadisə yerinə baxış zamanı sərhəd pozucularının qanunsuz yolla ölkə ərazisinə gətirdikləri narkotik vasitə hesab olunan 3840 qram “marixuana” və 95 qram “metamfetamin”, güclü təsir edən maddə olan 17715 ədəd “preqabalin” həbi, eləcə də odlu silaha aid gilizlər və digər maddi subutlar aşkar olunaraq götürülüb.
İstintaq zamanı Bərgi Həsənəli Novruz oğlu şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda digər iştirakçılarının şəxsiyyətlərinin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.
Bununla yanaşı, İran tərəfi saxlanılan şəxsin yaxınları və vəkili hələ Baş Prokurorluğun məlumatına münasibət bildirməyib.
Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.
Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gəitirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.
2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.
Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.
Azərbaycanın İranla sərhədində son narkotik aşkarlanması bu il mayın 4-də olub.
Azərbaycanın Biləsuvar gömrük məntəqəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Gürcüstana "Bitum membranı" yükü aparan yük avtomobilindən 480 ədəd bağlamada çəkisi 244 kiloqram 344 qram olan narkotik vasitə - heroin aşkar edilib.
Azərbaycan Dövlət Gömrük Komitəsinin məlumatına görə, son iki həftə ərzində 5 fakt üzrə 730 kiloqram 788 qram narkotik vasitənin ölkənin gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsi cəhdinin qarşısı alınıb.