Azərbaycan Suriyadan 12 vətəndaşını repatriasiya edib

Bu gün, noyabrın 24-də Suriyanın Cerablus şəhərindəki Amerna düşərgəsində saxlanılan Azərbaycan vətəndaşı olan 12 nəfərin repatriasiyası (digər dövlətin ərazisində olan şəxsin vətəndaşı olduğu, daimi yaşadığı və ya mənsub olduğu dövlətə qayıtması) həyata keçirilib.

Azərbaycan Xarici İşlər Nazirliyi bildirir ki, qeyd olunan şəxslərin ölkəyə gətirilməsi Azərbaycan hökuməti tərəfindən görülmüş mərhələli və əlaqələndirilmiş tədbirlər nəticəsində baş tutub.

“Öncə vətənə repatriasiyası nəzərdə tutulan vətəndaşlarımızın yeri, şəxsiyyəti müəyyən edilib, daha sonra onların Türkiyə ərazisinə keçidi təmin olunub. Azərbaycanın Türkiyədəki Səfirliyi tərəfindən ölkəyə qayıtması üçün vətəndaşlarımız “Azərbaycan Respublikasına qayıdış şəhadətnamə”ləri ilə təmin edilib və 24 noyabr tarixində qeyd olunan vətəndaşların Ankara-Bakı təyyarə reysi ilə Azərbaycana repatriasiyası həyata keçirilib,” nazirlik bildirir.

Xarici İşlər Nazirliyi bundan öncə bu il mayın 27-də Suriyanın Cerabus şəhərindəki Amerna düşərgəsində saxlanılan 6 nəfəri qadın və 14 nəfəri uşaq olmaqla, 20 nəfər Azərbaycan vətəndaşının vətənə repatriasiyasını həyata keçirib.

Nazirlik bu il oktyabrın 28-də İraqın cəzaçəkmə müəssisələri və uşaq evlərində saxlanılan Azərbaycan vətəndaşı olan 38 nəfər uşağın Azərbaycana repatriasiyasını da həyata keçirilib.

Xarici İşlər Nazirliyinin məlumatına görə, İraqdan indiyədək 286 uşaq və 2 qadın olmaqla, ümumilikdə 288 nəfər Azərbaycan vətəndaşının repatriasiyasına müvəffəq olunub.

2018-ci ilin oktyabr ayında Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) nümayəndələri ilə görüş zamanı Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) tərəfindən verilən ən son rəsmi məlumata əsasən, terror təşkilatlarına qoşulmaq üçün Suriya və İraqa Azərbaycandan 1477 (1136 kişi və 341 qadın) nəfərin getdiyi, 903 nəfərin (749 kişi və 154 qadın) öldüyü və ya itkin düşdüyü güman edilir.

Bu barədə “Azərbaycanda seçilmiş icmalarda radikallaşmaya qarşı həssaslıq və dayanıqlığın müəyyən edilməsi üzrə tədqiqat” adlı yekun hesabatda bildirilir.