Azərbaycan prezidenti: Azərbaycan Ordusu Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdı

Xudafərin körpüsü

Prezident İlham Əliyev Azərbaycan Ordusunun Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdığını bildirib. Azərbaycan Prezidenti bu haqda Twitter səhifəsində yazıb.

“Azərbaycan Silahlı Qüvvələri qədim Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağını qaldırdılar. Eşq olsun Azərbaycan xalqına! Qarabağ Azərbaycandır!”,

Bu gün, oktyabrn 18-də Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası bildirib ki, qurum Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan Nümayəndəliyi ilə keçirilmiş görüşlərdə Azərbaycan və Ermənistan arasında elan edilmiş müvəqqəti humanitar atəskəsin ruhuna uyğun olaraq, Azərbaycanın birtərəfli qaydada hazırda Azərbaycan tərəfində olan erməni hərbçilərinin meyitlərinin bir hissəsini iki ölkənin dövlət sərhədinin Tovuz rayonu istiqamətində əvvəlcədən razılaşdırılmış dəhlizdə BQXK-nın vasitəçiliyi ilə Ermənistana verməyə hazır olduğunu diqqətə çatdırıb.

Xızı rayonuna atılmış raket mərmisi

Oktyabrın 18-də saat 00.00-dan yeni humanitar atəşkəs rejiminin elan olunmasına baxmayaraq, Azərbaycan və Ermənistan tərəfi bir-birini atəşkəsi pozmaqda günahlandırıb. Qoşunlar arasında isə günün ikinci yarısında da döyüşlərin davam etdirildiyi bildirilib.

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) bildirir ki, bu gün Xızı rayonu ərazisinə S-300 raketinin qalıqlarının düşdüyü barədə məlumat daxil olub. Sitalçay ərazisində "S-300" raketinin qalıqları aşkarlanıb.

ANAMA-nın Operativ Qərargahının rəisi İdris İsmayılov deyib ki, raketin hissələrinin götürülməsi həyata keçirilir.

“Raket Azərbaycan Hərbi Hava Qüvvələri tərəfindən vurulub,” o qeyd edib.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin son qüvvə kimi səngərlərə atdığı xüsusi təyinatlılar Azərbaycan əsgərinin həmləsinə tab gətirməyərək geri qaçmağa məcbur edilir.

Nazirlik nümayiş etdirdiyi videoda erməni xüsusi təyinatlılarının qovulmasının əksini tapdığının əks olunduğu bildirir.

Müdafiə Nazirliyi digər istiqamətlərdə də erməni tərəfinin itkilər verərək döyüş mövqeyini tərk etdiyini bildirir.

“Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib,” mətbuat xidmətiinin məlumatında deyilir.

Ermənistan Müdafiə Nazirliyi SU-25 təyyarəsininn vurulması barədə məlumatı təkzib edib.

“Ermənistanın SU-25 təyyarəsinin vurulması barədə xəbər həqiqəti əks etdirmir,” Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan qeyd edib.

Ermənistan Müdafiə Nazirliyi əksinə Azərbaycanın iki pilotsuz uçuş aparatının vurulduğunu və beləliklə ümumilikdə Azərbaycanın 152 pilotsuz uçuş aparatının vurulduğunu bildirir.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidməti Azərbaycan Ordusunun Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsini ələ keçirdiyini də bildirir.

“Düşmən döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır,” Müdafiə Nazirliyi qeyd edir.

Atəşkəs razılaşması elan ediləndən dərhal sonra "Dağlıq Qarabağ Respublikası" adlandırılan tanınmamış qurumun prezidentinin mətbuat katibi Vaqan Poqosyan erməni tərəfinin Azərbaycan Ordusunun mühasirəyə düşmüş döyüşçüləri üçün humanitar dəhliz açmağa hazır olduğunu bildirib.

Azərbaycan Müdafiə Nazirliyi bu məlumatı təkzib edib.

Atəşkəs razılığına gəlinməsi Rusiya Xarici İşlər Naziri Sergey Lavrovun Azərbaycan və Ermənistan Xarici İşlər Nazirləri Ceyhun Bayramov və Zöhrab Mnatsakanyanla oktyabrın 17-də apardığı telefon danışığından sonraya təsadüf edir.