İyunun 26-da Azərbaycanda Silahlı Qüvvələr Günü qeyd olunur.
Prezident İlham Əliyev iyunun 25-də hərbiçilər qarşısında çıxışında bildirib ki, Azərbaycan Ordusu dünyada 50 ən güclü ordu sırasındadır.
“Bu gün Azərbaycan Ordusu çox yüksək peşəkarlığa malikdir. Eyni zamanda, mənim göstərişimlə son illərdə ordumuzun silah-sursat, texnika ilə təchizatı da təşkil edilir. Bu məqsədlər üçün milyardlarla dollar vəsait xərclənib. Bu gün texniki təchizat baxımından Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bizim zirehli texnikamız ən yüksək standartlara cavab verir. Bizim hava hücumuna qarşı müdafiə sistemimiz müasirləşib və bu hərbi hissənin vəzifəsi məhz bundan ibarətdir. Biz bir neçə ölkədən hava hücumuna qarşı ən müasir qurğular əldə etmişik. Onların Azərbaycanda - bizim coğrafiyada bir-birinə inteqrasiya edilməsi də asan məsələ deyil. Çünki bizim hava hücumuna qarşı müdafiə sistemlərimiz - bu, sirr deyil, bu məlumat artıq açıqlanıb, həm Rusiya istehsalıdır, Belarus istehsalıdır, İsrail istehsalıdır, eyni zamanda, sovet vaxtından qalan qurğulardır və onlar da modernləşdirilib,” Əliyev qeyd edib.
Bu il Silahlı Qüvvələr Günü koronavirus pandemiyası zamanında qeyd edildiyindən ölkədə sərt karantin rejimi həyata keçirilir. Rəsmi məlumatlara görə, hərbçilər arasında hələ infeksiyaya yoluxma halı yoxdur. Karantin dövrü olduğundan bu il təntənələr də yoxdur.
102 il öncə, 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti (AXC, 1918-1920-ci illər) Nazirlər Şurasının qərarı ilə ilk nizami hərbi hissə - Əlahiddə Korpus yaradılıb.
1991-ci ildə Azərbaycan müstəqillik əldə etdikdən sonra ordu bayramı oktyabrın 9-da (milli ordunun ilk batalyonunun yaradıldığı gün) qeyd olunurdu. 1998-ci ilə qədər belə olub. 1998-ci ildə prezident Heydər Əliyevin fərmanı ilə 26 iyun Silahlı Qüvvələr Günü elan edilib.