Azərbaycan Ordusuna dəstək mitinqindən sonra həbs edilənlərin valideynləri aksiya keçirib

İyulun 14-də Azərbaycan Milli Məclisinin qarşısında baş vermiş hadisələrlə əlaqədar həbs olunan şəxslərin valideynləri avqustun 10-da Baş Prokurorluğun binası qarşısında etiraz aksiya keçirməyə cəhd edib.

Etirazçılar həbs olunan övladlarının taleyindən narahatdır. Onlar bildirib ki, həbs olunanların bəziləri ümumiyyətlə Qarabağa dəstək yürüşündə iştirak etməyib.

"Fuad Qəhrəmanlının taleyindən narahatıq. Bəxtiyar İmanov həmin gün heç evindən çıxmayıb, amma ona qarşı üç maddə ilə cinayət işini açıblar, buna etirazımızı bildiririk," etirazçılardan biri deyib.

Həbs olunanların valideynlərinin bəziləri övladlarının əvəzinə həbsə hazır olduqlarını bildirib.

"Vətəni sevmək cinayətdirsə gəlsinlər bu gün məni da həbs etsinlər, çünki mən 1988-ci ildən Şuşadan başlayaraq Azərbaycanın bütün ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Altı il işğalçılara qarşı mübarizə aparmışam. Əgər Qarabağı, vətəni sevmək cinayətdirsə deməli ən böyük cinayətkar mənəm. Gəlsinlər məni həbs etsinlər, heç olmasa övladımı buraxsınlar," digər etirazçı qeyd edib.

Aksiya iştirakçıları həbs edilən övladları ilə əlaqə saxlamağa imkan yaradılmadığını deyib.

"Heç bir əlaqə saxlaya bilmirik. Bir dəfə paltarını göndərmişəm, bir dəfə isə ərzaq aparmışam. Orada mənə heç bir məlumat vermədilər. Həddindən artıq etinasız yanaşırlar. Mən nə istəyirəm ki? Oğlum haqqında hər hansı bir formada məlumat almaq istəyirəm. Heç bir sübut olmadan onları xəstəlik yaymaq maddəsi ilə vərəm xəstələri üçün müəssisəyə aparıblar. Ailədə altı nəfər yaşayırıq. Mənim oğlum əgər xəstədirsə deməli biz hamımız xəstə olmalıyıq. Ancaq bu yoxdur axı," etirazşı deyib.

Baş Prokurorluğun nümayəndəsi etiraz aksiyanı keçirənlərə bildirib ki, qurumun İstintaq İdarəsinin rəisi Nemət Əvəzov həbs olunmuş şəxslərin valideynlərini bu gün qəbul edəcək.

Aksiya insidentsiz başa çatıb.

Azərbaycan Ordusuna dəstək askiyasından sonra həbs edilənlər barədə diaqram

Müdafiə Xətti hüquq müdafiə təşkilarının məlumatına görə, iyulun 14-15-də Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində baş verən döyüşlərdə Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə Bakıda keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə qaldırılmış cinayət işi üzrə yüzdən çox insan saxlanılıb.

SEE ALSO: Washington Post: Əliyevin hədəfi müxalifəti bitirməkdir

“Elekton məhkəmə portalında yayılan məlumatların təhlili, tarixlər və ittiham irəli sürülmüş maddələrin eyniliyi Qarabaq aksiyasi ilə bağlı qaldırılmış cinayət işi üzrə yüzdən çox insanın saxlanıldığını deməyə əsas verir. Bununla yanaşı, Azərbaycan Xalq Cəbhəsi Partiyası 47 fəalının, Müsəlman Birliyi Hərəkatı 2 fəalının,Azərbaycan Demokratiya və Rifah Hərkatı 1 fəalının saxlaıldığını bildirib. Digər saxlanılanların siyasətə bağlılığı yoxdur,” Müdafə Xətti təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib.

Bununla yanaşı, rəsmi qurumlar saxlanılanlar və ittiham irəli sürülən insanların sayı barədə məlumat yaymayıb.

Qısa tarixcə və rəsmi məlumat

İyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.

Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb. Çoxsaylı insan saxlanılıb.

Azərbaycan Baş Prokurorluğu və Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətləri bildirib ki, iyulun 14-də Milli Məclisin qarşısında keçirilən aksiya zamanı baş vermis insident faktı üzrə cinayət işi başlanıb, istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

“Təəssüflər olsun ki, dinc və vətənpərvər ruhda keçən aksiya zamanı bir qrup təxribatçı ictimai qaydanın kobud surətdə pozulmasına səbəb olan hərəkətlərə yol verib, aksiyanın təhlükəsizliyini təmin edən polis əməkdaşlarına müqavimət göstərib və zor tətbiq edib, nəticədə bir neçə polis əməkdaşına müxtəlif dərəcəli bədən xəsarətləri yetirilib, xidməti avtomobillərə ciddi ziyan vurulub. Polis əməkdaşları tərəfindən dəfələrlə edilmiş xəbərdarlıqlara məhəl qoyulmadığından, eləcə də vəziyyətin daha da gərginləşməsinin qarşısının alınması üçün görülmüş operativ tədbirlərlə ictimai asayiş bərpa edilib,” məlumatda qeyd edilir.

Milli Məclis Aparatının məlumatında deyilir ki, Milli Məclisin qarşısına toplaşan yürüş iştirakçılarının bir qismi gecə saatlarında qeyri-qanuni olaraq parlamentin inzibati binasına daxil olub.

“Milli Məclisin birinci mərtəbəsinə toplaşan yürüş iştirakçıları bir sıra dağıntılar törədib, parlamentin mülkiyyətinə və inventarına ziyan vurub. Asayişi qoruyan polis əməkdaşları yürüş iştirakçılarını binanı tərk etməyə çağırıb və onlar Milli Məclisin binasından çıxarılıb,” məlumatda qeyd edilir.

Prezident İlham Əliyev iyulun 15-də Nazirlər Kabinetinin iclasında insidentin təşkilində Azərbaycan Xalq Cəbhəsi Partiyasını günahlandırıb.

“Bunlardır, bunlar idi Azərbaycan dövlətçiliyini yıxmaq istəyənlər. Biz bunların nazı iləmi oynayacağıq? Onlara elə dərs veriləcək ki, bu, son dərs olacaqdır. Ona görə, bir daha demək istəyirəm, hüquq-mühafizə orqanları bu işlərlə məşğul olacaq. Onların bütün antidövlət çıxışları, çağırışları təhlil ediləcək. Əgər orada cinayət tərkibi varsa, onlar dərhal cinayət məsuliyyətinə cəlb edilməlidir. Biz “Beşinci kolon”la bu işi bitirməliyik, belə davam edə bilməz. Yəni, burada dözümlülük qətiyyən yolverilməzdir. Adi günlərdə biz bəzi hallarda gözümüzü yumuruq, deyirik ki, əhəmiyyətsiz şeydir. Amma belə vəziyyətdə bu, düşmənçilikdir. Bu gün bu düşmənçiliyin başında dayanan Azərbaycan Xalq Cəbhəsidir, onun çirkin, satqın rəhbərləridir, özünü lider sayan qorxaqlar, fərarilərdir. Onlar artıq Azərbaycan xalqı tərəfindən dəfələrlə öz yerini görüblər və görəcəklər,” prezident qeyd edib.

AXCP isə yürüşün təşkilatçısı olmadığını bildirib.

"Ötən gün keçirilən yürüşün təşkilatçısı Milli Şura, AXCP olmasa da, bütün aqressiyanın bu düşərgəyə yönəlməsi, hökumətin əsas məqsədindən xəbər verir. Bir daha aydın olur ki, İlham Əliyev əsgər və zabitlərimizi şəhid edən düşmənlə deyil, müxalifətlə müharibəni prioritet hesab edir. Faktiki olaraq İlham Əliyev növbəti repressiyalara göstəriş verdi və bütün qurumları AXCP-yə qarşı amansız mübarizəyə səslədi. Deməli, məqsəd erməniləri yox, real müxalifəti sıradan çıxarmaqdı. Ölkəyə rəhbərlik edən şəxs belə bir vaxtda ölkə və dünya ictimaiyyətinə həmrəylik mesajı vermək əvəzinə, qisasçılıq mesajı verdi. Ölkə başçısına yaraşmayan leksikon sərgilədi, rəqiblərini təhqir etdi, heç bir dəlil-sübut olmadığı halda təxribatda suçladı, cinayətkar adlandırdı," AXCP-nin bəyanatında deyilir.