Azərbaycan Ordusu Kəlbəcərə daxil olub

“Azərbaycan Ordusunun bölmələri noyabrın 25-də Kəlbəcər rayonuna daxil olub.”

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Bölmələrimizin bu istiqamətdə hərəkətini təmin etmək məqsədilə mühəndis işləri başa çatdırılıb, qoşunların hərəkət marşrutu üzrə çətin keçilən dağ yolları minalardan təmizlənir və istifadəyə hazır vəziyyətə gətirilir,” Müdafiə Nazirliyi bildirir.

Prezident İlham Əliyevin xalqa müraciətində deyilir ki, Azərbaycan hökuməti Kəlbəcəri bərpa edəcək.

“Kəlbəcərdə kənd təsərrüfatı inkişaf edəcək, xüsusilə heyvandarlıq. Bizim orada böyük otlaq sahələrimiz var. Kəlbəcərin zəngin təbii qaynaqları, təbii ehtiyatları var. Düşmən bu ehtiyatları vəhşicəsinə istismar edib. Sovet vaxtında bütün sovet məkanında məşhur olan İstisu suyu Kəlbəcərdə istehsal olunurdu. İndi İstisu da bizim nəzarətimizə qayıdır. Vaxtilə ora böyük kurort zonası idi. Mənfur düşmən hər tərəfi dağıdıb. İndi o görüntülər var, hər kəs görə bilər. Hamısını bərpa edəcəyik, Kəlbəcəri yenidən quracağıq, kəndləri, Kəlbəcər şəhərini. Tapşırıq vermişəm ki, şəhərin yenidən qurulması ilə əlaqədar baş plan hazırlansın, təkcə Kəlbəcər şəhəri yox, bütün şəhərlər üzrə və həyat qayıdacaqdır,” dövlət başçısı qeyd edib.

Əliyev Ermənistanın "müharibə çinayətlərinə görə məhkəmə qarşısında cavab verəcəyini" bildirib. Onun sözlərinə görə, beynəlxalq ekspertlərin iştirakı ilə hərbi cinayətlərlə bağlı qiymətləndirmə aparılacaq.

“Həm Ermənistan ərazisindən qanunsuz yollarla Kəlbəcərdə insanlar məskunlaşıb, həm də xarici ölkələrdən. Bu isə hərbi cinayətdir və Cenevrə Konvensiyasına görə hərbi cinayət sayılır. Biz düşməni məsuliyyətə cəlb edəcəyik, cavab verəcəkdir, bütün hərbi cinayətlərə görə, bütün dağıntılara görə. Mən Ağdam şəhərində olarkən bir salamat bina tapmadım, Füzulidə də həmçinin, Cəbrayılda da həmçinin,” prezident deyib..

Azərbaycan Prezidenti İlham Əliyevin, Ermənistan baş naziri Nikol Paşinyanın və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 10-da imzaladıqları birgə bəyanatın 6-cı bəndinə əsasən Kəlbəcər rayonu bu gün, noyabrın 25-də Azərbaycana qaytarılıb.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərini azad eduldikdən sonra üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb.

Kəlbəcər

Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də erməni silahlı qüvvələrinin nəzarətinə keçib. Rəsmi statistikaya görə rayonun 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbiçi, 511 sakin sakin öldürülüb, 321 nəfər əsir götürülüb və itkin düşüb, minlərlə sakin yaralanıb.

Hazırda Kəlbəcərin 77 000-dən çox əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıb.

Kəlbəcərin ermənilərin nəzarətinə keçməsindən sonra 1993-cü il aprelin 30-da BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib.

“BMT Təhlükəsizlik Şurası böyük sayda mülki şəxslərin yerlərinin dəyişməsi və regionda, xüsusilə Kəlbəcər rayonunda, fövqəladə humanitar vəziyyətlə bağlı ciddi narahatçılığını ifadə edərək, regionda bütün dövlətlərin suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsini bir daha təsdiq edərək, həmçinin, beynəlxalq sərhədlərin pozulmazlığını və ərazi əldə etmək məqsədilə gücdən istifadənin yolverilməzliyini bir daha təsdiq edərək, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi çərçivəsində həyata keçirilən sülh prosesini dəstəklədiyini bəyan edərək, silahlı hərbi əməliyyatların genişlənməsinin bu proses üçün dağıdıcı nəticə verə biləcəyindən dərindən narahat olaraq, möhkəm atəşkəsin əldə edilməsi məqsədilə bütün hərbi əməliyyatların və düşmənçilik aktlarının dərhal dayandırılmasını, həmçinin bütün işğalçı qüvvələrin Kəlbəcər rayonundan və Azərbaycanın digər bu yaxınlarda işğal olunmuş rayonlarından dərhal çıxarılmasını tələb edir,” qətnamədə qeyd edilir.

Ancaq sənəddən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Əksinə, qətnamənin qəbulundan sonra münaqişə regionunda daha ağır hərbi-siyasi durum yaranıb, Azərbaycanın daha 6 rayonu erməni silahlı qüvvələrinin nəzaərtinə keçib.

Kəlbəcər 8 avqust 1930-cu ildə inzibati rayon statusu alıb. Rayonun ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147 yaşayış məntəqəsi yerləşir. Kəlbəcər respublikada sahəsinə görə birinci rayondur, ərazisi 3054 kvadrat kilometrdir.

2020-ci il yanvarın 1-nə olan statistikaya görə rayon əhalinsinin sayı 77003 nəfərdir.

Rayon ərazisində qızıl, civə, gil, perlit, mərmər, nefroid, obsidian, listvenit ataqları var. Kəlbəcər rayonu istisu qeyzerləri ilə də məşhurdur. Rayonda onlarla istisu qeyzerləri var.