Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini endirib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 10%-dən 9,75%-ə endirilməsi barədə qərar qəbul edib.

Bu barədə AMB-nin sədri Elman Rüstəmov bu gün, oktyabrın 30-da keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, faiz dəhlizinin uçot dərəcəsinə nisbətən yuxarı və aşağı həddi 2% (11,75% və 7,75%) təyin edilib.

Elman Rüstəmovun sözlərinə görə, faiz dəhlizinin yeni parametrləri aşağı inflyasiya şəraitində milli valyutada yığımın cəlbediciliyini qoruyacaq və kredit faizinin azaldılması üçün siqnal olacaq.

Baş bankirin fikrincə, monetar vəziyyətin normallaşması inflyasiyanın proqnozlaşdırılan intervalından asılı olacaq.

“Uçot dərəcəsinin 10 faizdən 9,75 faizədək azaldılması kredit faizinə təsir göstərməyəcək”, o qeyd edib.

Rüstəmov hesab edir ki, bəzi problemlər kredit faizinin azaldılmasına mane olur. Lakin onun sözlərinə görə, gələcəkdə kredit dərəcələrinin azaldılmasını gözləmək olar.

"Kredit faizinin azaldılmasına yönəlmiş islahatlar paketi hazırlanır", o deyib.

Baş bankirin sözlərinə görə, bu ilin əvvəlindən Mərkəzi Bankın ehtiyatları 207 milyon dollar artaraq hazırda 5 milyard 537 milyon dollar təşkil edir.