Azərbaycan İslam Partiyasının sədr əvəzi həbs edilib

Azərbaycan İslam Partiyasının sədr əvəzi İlham Əliyev

Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi İlham Əliyev həbs olunub.

Bu barədə İslam Partiyası məlumat yayıb.

Məlumata görə, Əliyev fevralın 29-da Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət) maddəsi ilə təqsirləndirilən şəxs qismində saxlanılıb. Bu gün, martın 2-də Səbail Rayon Məhkəməsi İlham Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.

Partiya bildirir ki, İlham Əliyev fevralın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) çağırılıb və sonra onun haqqında heç bir məlumat verilməyib.

Dövlət Təhlükəsizliyi Xidməti hələ İlham Əliyevin həbsi ilə bağlı məlumat yaymayıb.

Xatırladaq ki, Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədov 2011-ci ilin yanvarında həbs edilib. O, qanunsuz silah saxlama, konstitusiya quruluşunu dəyişməyə cəhd və başqa cinayətlərdə ittiham edilərək 12 il həbs cəzası alıb. Səmədov ittihamları qəbul etmir və hökuməti sərt tənqidindən sonra həbs edildiyini bildirib.