Fevralın 29-da İran ilə Azərbaycan arasında sərhədin müvəqqəti bağlanması ilə əlaqədar hazırda İranda olan Azərbaycan vətəndaşlarının ölkəyə qayıtmasını təmin etmək üçün müvafiq tədbirlər həyata keçirilir. Bu məqsədlə martın 4-də İrandan Azərbaycana uçuş reysi təşkil olunacaq və xüsusi dəhliz vasitəsilə vətəndaşların ölkəyə qayıtması təmin olunacaqdır.
Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah məlumat yayıb.
Operativ qərargah Azərbaycana gəlmək istəyən vətəndaşların ölkənin Tehrandakı Səfirliyi və Təbrizdəki Baş konsulluğu ilə əlaqə saxlayaraq qeydiyyatdan keçmələrini xahiş edir.
“İrandan təxliyyə olunacaq vətəndaşlar müvafiq müayinə aparılması məqsədilə karantinə yerləşdiriləcək. Xatırladırıq ki, Ümumdünya Səhiyyə Təşkilatının tələblərinə əsasən, koronavirus infeksiyasının aşkarlanması üçün karantin 14-29 gün müddətinə müəyyən edilib. Azərbaycan ərazisində koronavirusun yayılmasının qarşısını almaq üçün bütün vətəndaşların karantin rejiminin tələblərinə riayət etməsi tələb olunur”, məlumatda qeyd edilir.
Rəsmi məlumatlara görə, hazırda Azərbaycanda 3 nəfər koronavirusa yoluxma halı müəyyən edilib, ölüm halı yoxdur.
Azərbaycanda 220-dən çox insan koronavirus şübhəsi ilə karantin şəraitində saxlanılır. Bu şəxslərdən 12-si İran, biri İtaliya, 7-si digər ölkə vətəndaşları, qalanları isə azərbaycanlılardır.