İyunun 17-də Cəlilabad rayonunun Kürünc kəndi (Bakıdan 211 kilometr cənub) yaxınlığında Azərbaycan sərhədçiləri İran tərəfdən bir qrup silahlı şəxsin sərhədi pozduğunu qeydə alıb. Silahlı insident olub, bir nəfər çayda boğulub.
Sərhəd pozucularının silah və gecə görmə cihazları ilə silahlanması, onlardan birinin üzərində içərisində narkotik vasitə olması ehtimal edilən 1 ədəd böyük kisədə yük müşahidə edilib.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətinin məlumatına görə, görülən tədbirlər zamanı sərhədin pozulduğu ərazi mühasirəyə alınıb. Sərhədi pozan şəxslərə dayanmaq əmri verilib, amma onlar avtomat silahdan atəş açıblar.
Cavab atəşi ilə sərhədi pozanlardan biri yaralanıb və geri qaçmağa çalışıb, amma sərhəddəki Bolqarçay çayına düşərək, boğulub. Onun cəsədi İran sərhədçiləri tərəfindən çaydan çıxarılıb. Sərhədi pozan digər şəxslər geri qaçmağa müvəffəq olub, amma İran sərhədçiləri tərəfinən saxlanılıblar.
Hadisə yerində Azəbaycan və İran sərhədçilərinin görüşü keçirilib.
Öz növbəsində, sərhəd pozucusu kimi təqdim edilən şəxslərin vəkilləri və ya ailə üzvləri baş vermiş hadisə ilə bağlı hələ açıqlama verməyib.
Azərbaycan hüquq-mühafizə orqanlarının məlumatına görə, sonuncu dəfə İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən 113 kiloqram narkotik vasitə aprelin 17-də tutulub. İki Azərbaycan, bir İran vətəndaşı həbs edilib.
Ümumilikdə son illər ərzində hüquq-mühafizə və gömrük orqanları İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən tonlarla narkotik tutub, onlarla insanı saxlayıb.
İki ölkə sərhəd təhlükəsizliyi məsələlərini dəfələrlə müzakirə etsə də, demək olar ki, rəsmi mənbələr hər həftə İrandan gətirilən narkotik vasitələrin tutulması barədə məlumatlar yayır. Bununla yanaşı, İranla sərhəddə silahlı insidentlər zamanı Azərbaycan sərhədçiləri də daxil olmaqla bir neçə nəfər ölüb və ya yaralanıb.