Azərbaycan-İran münasibətləri müzakirə edilib

Ceyhun Bayramov və Hüseyn Əmir Abdullahian

Iranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Azərbaycanda səfərdədir. O dekabrın 22-də Prezident İlham Əliyev tərəfindən qəbul olunub və xarici işlər naziri Ceyhun Bayramovla danışıqlar aparıb.

Azərbaycan Prezidentinin rəsmi internet saytında yayılan məlumatda deyilir ki, söhbət zamanı siyasi, iqtisadi, enerji, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin davam etdirilməsinin vacibliyi vurğulanıb.

İki ölkənin nazirlərinin görüşündən sonra keçirdikləri birgə mətbuat konfransında nazir Ceyhun Bayramov bildirib ki, görüşlərdə ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, beynəlxalq platformalarda əməkdaşlığın inkişafı məsələləri müzakirə edilib.

“Əməkdaşlığın vacib istiqamətlərindən biri üçtərəfli və dördtərəfli platformalarda qarşılıqlı əməkdaşlıq və iştirakdır. Münasibətlərimizdə ticari-iqtisadi əlaqələr böyük önəm kəsb edir. 2021-ci ilin ilk on ayı ərzində ticarət əlaqələrində 23.6 faiz artım olub".

Nazir deyib ki, İranda yeni hökumət formalaşdıqdan sonra yeni layihələrlə bağlı konkret nəticələr var.

“Aşqabad şəhərində prezidentlərin iştirakı ilə Türkmənistan qazının Azərbaycan vasitəsilə ixracı barədə razılıq əldə olundu və bu istiqamətdə 2022-ci ilin əvvəllərində işlər başlayacaq. İran-Azərbaycan-Gürcüstan vasitəsilə nəqliyyat dəhlizinin inkişafı istiqamətində işlər görülür. Sistemli işlər aparılır, hökumətlərarası komissiyanın iclası üçün yol xəritəsi üzərində işlər gedir,” o qeyd edib.

Bayramov bildirib ki, İran və Azərbaycan ölkələrin ərazi bütövlüyünün, suverenliyinin tanınması və buna hörmət prinsiplərini əsas hesab edir.

“İran tərəfindən ən yüksək səviyyədə bildirilib ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır, 44 günlük müharibədə Azərbaycanın haqq işinə dəstək ifadə olunub.”

Ceyhun Bayramov "3+3" platformasından danışarkən qeyd edib ki, İran bu təşəbbüsü dəstəkləyən ilk ölkələrdəndir.

"3+3" formatı çərçivəsində baş tutan birinci iclasın heç bir gündəmi yox idi, ancaq müsbət məqam ondan ibarətdir ki, Moskvada diskusiyalar konstruktiv məcrada gedib. Moskvada keçirilən iclasda nəqliyyat, kommunikasiya, humanitar məsələlər, etimad quruculuğu tədbirlərinin vacibliyi, təhlükəsizlik məsələlərinin müzakirəsi qərara alınıb. Bu görüşlərin rotasiya formasında keçirilməsi ilə bağlı razılıq əldə olunub.”

Bayramov əlavə edib ki, gələcəkdə bu çərçivədə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna olunmur.

“İlk görüşdə həmçinin razılıq əldə olundu ki, bu görüşlərdə yalnız Cənubi Qafqazda olanlar deyil, həm də regiona qonşu ölkələrdə baş verən proseslər və onun regiona təsirləri də müzakirə olunacaq”.

Hüseyn Əmir Abdullahian deyib ki, İran Azərbaycanı ən yaxın və yaxşı qonşularından biri hesab edir.

“Prezidentimizin əsas prioriteti qonşu ölkələrlə münasibətlərdir ki, Azərbaycanın da burada xüsusi yeri var. Biz xalqlarımızın rifahı üçün addımlar atacağıq,” o qeyd edib.

İranlı nazir bildirib ki, İran 3+3 platformasının uğuru üçün çalışacaq.

“Region ölkələri öz problemlərini özləri həll edə bilər, regiondan xaric ölkələrin müdaxiləsinə ehtiyac yoxdur, bizim onların köməyinə ehtiyacımız yoxdur, onların bizim regionda yeri ola bilməz, region ölkələrinin öz məsələlərini həll etmək üçün iradələri var,” o qeyd edib.

Bu arada nazir Bayramov deyib ki, Azərbaycanın azad edilmiş ərazilərinin bərpası üçün İran tərəfindən müraciətlər, layihələr təqdim edilib.

“Artıq məlumat almışıq ki, bu layihələrdən biri artıq təsdiqlənib və yaxın həftələrdə bu layihənin reallaşmasına başlanacaq. İranın regiona daha da yaxın olması bu şirkətlər üçün üstünlükdür. Həmçinin, İranın minatəmizləmə sahəsində təcrübəsini nəzərə alaraq İranın müvafiq qurumu ilə ANAMA (Minatəmizləmə Agentliyi) arasında əməkdaşlıq imkanlarını müzakirə etdik,” o əlavə edib.