Azərbaycan İran gəmilərinin ölkə limanlarına girişinə məhdudiyyət qoyub

İran ərazisində olan Azərbaycan vətəndaşlarının ölkəyə geri qayıtması təmin edilir.

Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargahının məlumatına görə, İrandan Astara sərhəd-keçid məntəqəsinə gələn vətəndaşlar müvəqqəti qalma yerləri və zəruri şəraitlə təmin edilib, müəyyən olunmuş qrafiklə 276 nəfər Azərbaycan ərazisinə keçib.

“Sərhədi keçən vətəndaşlar xüsusi ayrılmış avtobuslarla karantin zonalarına aparılıb. İrandan qayıdan vətəndaşlar mütləq şəkildə 14-29 gün müddətinə karantin rejiminə yerləşdirilir. Bütün vətəndaşlardan karantin rejiminin tələblərinə riayət etmək tələb olunur,” operativ qərargah bildirir.

Məlumatda deyilir ki, İranda olan vətəndaşlar Azərbaycanın Tehran şəhərindəki Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun "qaynar xət"lərinə daxil olan müraciətləri əsasında qeydiyyata götürülür.

Azərbaycan İran gəmilərinin ölkənin limanlarına girişinə də məhdudiyyətlər tətbiq edir.

Dövlət Dəniz Agentliyi bildirib ki, koronavirus infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə görülən qabaqlayıcı tədbirlər çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyi tərəfindən İranın dövlət bayrağı altında üzən gəmilərin Azərbaycanın limanlarına girişinə müvəqqəti olaraq məhdudiyyət qoyub.

İran Səhiyyə Nazirliyinin məlumatına görə, bu ölkədə koronavirusdan ölənlərin sayı 92 nəfərdir. Ölkədə koronavirus daşıyıcılarının sayı isə üç min nəfərdən çoxdur.