“Regional iqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması ilə bağlı üçtərəfli komanda-qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə hərbi gücdən istifadə olunur". Bu barədə bu gün, noyabrın 21-də Bakı şəhərində Azərbaycaın müdafiə naziri Zakir Həsənov, Türkiyə Baş Qərargah rəisi Yaşar Güler və Gürcüstan Baş Qərargah rəisi Vladimer Çaçibaia arasında keçirilən üçtərəfli görüşün yekunları ilə bağlı mətbuat konfransında nazir Zakir Həsənov deyib.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə bölgədəki hərbi-siyasi vəziyyət, regional təhlükəsizlik məsələləri müzakirə edilib və üçtərəfli hərbi əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Məlumatda bildirilir ki, tərəflər beynəlxalq terrorizm və aqressiv separatizmin regiondakı sülhə və sabitliyə, ümumi inkişafa mənfi təsir göstərdiyini vurğulayaraq dövlətlərin təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı birgə fəaliyyətin vacibliyini qeyd edib.
Nümayəndə heyətləri hərbi əməkdaşlığın perspektivləri, üçtərəfli hərbi təlimlərin keçirilməsi və birgə fəaliyyətin bir sıra digər istiqamətlərini də nəzərdən keçiriblər.
Nazir Həsənov deyib ki, Bakı görüşünün məqsədi üç qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyini təmin etməsi, bölgədə sülhün və sabitliyin qorunmasına birgə dəstək verməsidir.
Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi.
“Görüşdə beynəlxaq hüquqa əsaslanaraq dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı məsələsi vurğulandı. Üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırılır və bununla bağlı qərar verdik”, o qeyd edib.
Üç ölkənin baş qərargah rəislərinin növbəti, dördüncü görüşü Türkiyədə keçiriləcək. Baş qərargah rəislərinin üçtərəfli formatda görüşləri 2015-ci ildən başlayıb.
Hər üç ölkə regiondakı problemlərin həllinə eyni mövqedən yanaşdığını bəyan edib. Azərbaycan, Türkiyə və Gürcüstan regiondakı problemlərin sülh yolu ilə həllini, ölkələrin beynəlxalq müqavilələr və beynəlxalq hüquqda təsbit olunan sərhədləri daxilində ərazi bütövlüyünün qorunmasını dəstəkləyir.
Regionun üç ölkəsinin maraqlarını həm də regional və beynəlxalq iqtisadi layihələr olan Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihələri birləşdirir.