Azərbaycan gömrükçüləri Belçikaya aparılması nəzərdə tutulan 242 kiloqram 280 qram narkotik götürüb.
Dövlər Gömrük Komitəsinin məlumatına görə, narkotik vasitə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ərazisindən tranzit keçməklə Türkiyəyə, oradan da təyinat ölkəsi Belçikaya gedən yük avtomobilindən aşkarlanıb.
Yük avtomobili İran ərazisindən Naxçıvandakı Şahtaxtı dövlət sərhəd buraxılış məntəqəsinə daxil olub.
Məlumatda deyilir ki, gömrükçülər 242 kiloqram 280 qram olan narkotik vasitə - heroini nəqliyyat vasitəsinin yanacaq çənində xüsusi olaraq hazırlanmış və aşkarlanması çətinləşdirilmiş saxlanc yerində gizlədilmiş maye halında aşkar edib.
Faktla bağlı Azərbaycan Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) cinayət işi açılıb.
Gömrük Komitəsi faktla bağlı saxlanılanlar barədə məlumat vermir.
Azərbaycan gömrükçüləri bundan öncə, dekabrın 3-də İrandan Azərbaycan ərazisilə Qazaxıstana gedən yük avtomobilindən 137 kiloqramdan çox heroin aşkar edib.
Azərbaycan hüquq-mühafizə orqanları, demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.
Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.
Azərbaycanın Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının məlumatına görə, 2021-ci ilin 10 ayı ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqram 982 qram narkotik vasitələr və psixotrop maddə çıxarılıb.
Narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 5021 nəfər cəlb edilib. Cinayət məsuliyyətinə cəlb edilən şəxslərdən 51 nəfəri xarici ölkə vətəndaşıdır. Onların 21-i İran, 11-i Gürcüstan, 10-u Rusiya, 4-ü Türkiyə, 3-ü Ukrayna, 1-i Hindistan və 1-i Pakistan vətəndaşıdır. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 343 kiloqram və 5004 ədəd müxtəlif növ narkotik vasitə, psixotrop maddə, 1580 ədəd güclü təsir edən maddə götürülüb.
Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının digər məlumatında deyilir ki, Azərbaycandan bir neçə qanunsuz tranzit narkotik marşrutu keçir.
Bunlar, İran – Azərbaycan, İran – Azərbaycan – Rusiya – Yaponiya, İran – Azərbaycan – Gürcüstan – Avropa, İran – Azərbaycan – Rusiya – Ukrayna marşrutlarıdır.