Azərbaycan gömrükçüləri 218 kiloqram heroin aşkar edib

Azərbaycan gömrükçüləri 218 kq heroinin dövriyyəsinin qarşısını alıb.

Bu barədə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev "Twitter" səhifəsində məlumat verib.

Məlumata görə, əməliyyatçılar cənub sərhədində-Biləsuvar gömrük postunda əməliyyat aparıb.

Ötən həftə də Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində gömrük xidməti ümumi çəkisi 622 kiloqramdan artıq narkotik vasitə - heroinin ölkənin gömrük sərhədindən keçirilməsi cəhdinin qarşısını aldığı barədə məlumat vermişdir.

Xatırladaq ki, Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Narkotik məslələri üzrə ekspert Emil Maqalov Facebook səhifəsində bildirir ki, ölkədə narkomanların keyfiyyətli müalicəsi təşkil edilməlidir. Onun firkincə, istənilən narkotik aludəçisi potensial cinayətkara çevrilir.

“Narkotik tələbata çevriləndə onu müxtəlif yollarla əldə etməyə çalışırlar. İstifadəçilərin əksəriyyəti oğurluqla, soyğunçuluqla, cibgirliklə və digər cinayət yolu ilə maliyyə əldə edərək narkotik almağa sərf edir.”

Onun fikrincə, hazırda narkotiklərin istifadəsi çox asandır.

“Narkotik istifadəçilərinin sayının artmasının digər səbəbi insanların internetə və dünyaya senzurasız daxil olmasıdır. Uşaqdan tutmuş hər kəsin rahatlıqla yazı və ya videolara girmək imkanı var. Üçüncü səbəb gənclərin asudə vaxtının təşkili problemidir. Bu durumun acı mənzərəsi daha çox rayon və kəndlərdə özünü biruzə verir. Şəhərlərdə asudə vaxtın təşkili ilə bağlı bir qədər nikbin mənzərə var.”

Ekspert ölkədə narkotik vasitələrin onlayn satışının təşkilindən də danışıb.

“Hələ deyərdim ki, ətraf ölkələrlə müqayisədə Azərbaycanın göstəricisi daha yaxşıdır. Mən Türkiyə, İran, Gürcüstan və Dağıstanda olmuşam. El dilində bu ölkələrə baxanda şükürlüyük. Çünki Azərbaycanda ailə dəyərləri, mentalitet və digər amillər böyük rol oynayır. Mübarizəni gücləndirməliyik. Bunun bir yolu var, o da narkotiki satanlarla mübarizə aparmaqdır. Hansı ki, bütün dünya bununla mübarizə aparır,” Maqalov qeyd edib.