Azərbaycan Gömrük Komitəsi son üç ildə 4,6 ton narkotik tutub

Son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Bu barədə martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib.

O, komitəyə rəhbərlik etdiyi dövrdə əvvəllər olduğundan daha çox narkotik maddənin götürüldüyünü xüsusilə qeyd edib.

Belə ki, onun rəhbərliyindən 10 il öncə (2008-2017-ci illərdə) 3 tondan bir qədər artıq narkotik və psixotrop maddə götürülmüşdüsə, 2018-2020-ci illərdə bu göstərici 4,6 ton təşkil edib, Səfər Mehdiyev bildirib.

Mehdiyevin söylədiklərindən belə qənaətə gəlmək olur ki, əvvəlki dövrlərdə Dövlər Gömrük Komitəsi narkotiklərin daşınmasına ya daha az diqqət ayırıb, ya da son dövrlər Azərbaycan ərazisindən qanunsuz narkotik ticarəti üçün istifadə halları artıb.

Xatırladaq ki, Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq- mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaları əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gəitirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi vəfat edib və ya yaralanıb.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.