Azərbaycan, Ermənistan və Rusiya hərbi əməliyyatların dayandırılması barədə bəyanat imzalayıblar

Azərbaycan, Ermənistan və Rusiya arasında Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması barədə birgə bəyanat razılaşdırılıb.

Belə ki, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşü zamanı sənədi imzalayıb. Videokonfrans formatında imzalanma Azərbaycan dövlət televiziyası ilə yayımlanıb.

Rusiya prezidenti Vladimir Putin bildirib ki, Azərbaycan Prezidentinin, Ermənistan Baş Nazirinin və Rusiya Prezidentinin üçtərəfli bəyanatı imzalanır.

“Mən çox ümid edirəm ki, bizim birgə bəyanatımızda şərh edilmiş bu qərar nəinki Ermənistan ilə Azərbaycan arasında çoxillik qarşıdurmaya son qoyacaq, bu torpaqlarda qan tökülməsinə son qoyacaq, həm də bizim bugünkü bəyanatda təsbit etdiyimiz razılaşmalara etibarlı nəzarət mexanizmi yaradacaq, ən başlıcası, uzunmüddətli tarixi perspektiv üçün, regionda münasibətlərin, ilk növbədə, həm Azərbaycan, həm də erməni xalqlarının mənafeyi naminə Azərbaycan Respublikası ilə Ermənistan arasında dostluq münasibətlərinin inkişafı üçün əlverişli şərait yaradacaq,” Rusiya prezidenti qeyd edib.

Prezident İlham Əliyev deyib ki, bazar ertəsi Ermənistanla Azərbaycan arasında çoxillik münaqişənin nizamlanması işinə nöqtə qoyulur, Azərbaycan torpaqlarının işğalına son qoyulur və saatlarla, ümumiyyətlə desək, günlərlə vaxt sərf edib mühüm mövqeləri razılaşdırmaq yolu ilə nizamlamaya nail olunur.

“Bu gün üç ölkə rəhbərinin bu sənədi imzalaması bu münaqişənin nizamlanmasında Rusiyanın xüsusi roluna dəlalət edir. Əminəm ki, regionda gələcək fəaliyyətdə, o cümlədən münaqişənin nəticələrinin aradan qaldırılması və Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün Rusiyanın rolu sanballı olacaq. Bu gün Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğana da münaqişənin siyasi yolla nizamlanması işində fəal iştirakına görə təşəkkürmü bildirmək istərdim. Bugünkü bəyanatın bəndlərindən biri Rusiya ilə Türkiyənin birgə sülhməramlı missiyasıdır. Beləliklə, biz regionda təkcə münaqişənin nizamlanması çərçivəsində deyil, həm də gələcək inkişaf üçün qarşılıqlı fəaliyyətin tamamilə yeni formatını yaradırıq. Buna görə də bəndlərdən biri də bütün nəqliyyat kommunikasiyalarının açılmasıdır. Bu, bütün region ölkələrinin xeyrinə olacaq,” Əliyev qeyd edib.

Prezident Putin bildirib ki, Rusiya öz tərəfindən əlindən gələni edəcək ki, üç tərəf arasında danışıqların gedişində əldə edilmiş mövqelər, bu gün imzalanan bəyanat tam icra olunsun.

Prezident İlham Əliyev xalqa müraciətində Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin iştirakı ilə imzalanan sənədin mətnini açıqlayıb:

- Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş Naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik:

- 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar;

- Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır;

- Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir;

- Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir;

- Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir;

- Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək;

- Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir;

- Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar;

- Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur;

- Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir;

- Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir.

Prezident Ilham Əliyev xalqa müraciətində bildirib ki, regionda atəşkəsə nəzarət etmək məqsədi ilə Rusiya və Türkiyə sülhməramlıları yerləşdiriləcək.

Əliyev Ermənistanın götürdüyü öhdəliyə əməl etmədiyi təqdirdə hərbi əməliyyatların davam etdiriləcəyini istisna etməyib.

Ermənistan Baş Naziri Nikol Paşinyan bildirirb ki, şəxsən özü və hamı üçün çox çətin bir qərar verib.

“Saat 01:00-dan etibarən Rusiya və Azərbaycan Prezidentləri ilə Qarabağ müharibəsinə son qoymaq üçün bir bəyanat imzaladım. Artıq yayımlanan bəyanatın mətni mənim üçün və xalqımız üçün inanılmaz dərəcədə ağrılıdır,” o facebook səhifəsində qeyd edib.

Son məlumatlara görə, Yerevanda Nikol Paşinyanın bəyanatı imzalamasına etiraz olaraq etiraz aksiyası başlayıb.