Azərbaycan-Ermənistan sərhədində baş verən son gərginlik davam edir.
Ermənistan Baş nazirinin vəzifəsini icra edən Nikol Paşinyan mayın 13-də hökumətin iclasında Azərbaycanın silahlı qüvvələrinin sərhədi keçərək, bir neçə kilometr məsafədə Ermənistan ərazisinə daxil olduğunu deyib.
Paşinyanın bildirdiyinə görə, ərazidə hərbi eskalasiya, atışma, yaxud qarşıdurma baş verməyib, Azərbaycan əsgərlərinin ərazidən çıxarılması üçün iş aparılır.
“Mövcud vəziyyət qəbuledilməzdir, Ermənistan vəziyyətlə barışa bilməz, amma bizim əsas vəzifəmiz vəziyyəti danışıqlar yolu ilə, o cümlədən diplomatik yollarla həll etməkdir. Lakin bu, variantlardan biridir,” baş nazirin vəzifəsini icra edən Nikol Paşinyan bildirib.
Azərbaycan Xarici İşlər Nazirliyi mayın 13-də Ermənistanla sərhəddə vəziyyətlə bağlı bəyanatla çıxış edib.
“10 noyabr 2020-ci il tarixində imzalanmış üçtərəfli bəyanata əsasən işğaldan azad edilmiş Laçın və Kəlbəcər rayonlarının Ermənistan ilə həmsərhəd bölgələrində çətin dağ relyefi quruluşuna və iqlim şəraitinə malik olan məntəqələrdə hava şəraitinin yaxşılaşması ilə Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir,” bəyanatda qeyd edilir.
Hər iki tərəfin qarşılıqlı bəyanatlarına baxmayaraq sərhəddə baş verən gərginlik ABŞ Dövlət Departamentinin, ATƏT sədrinin, Rusiya və Fransa rəhbərlərinin də diqqətini cəlb edib.
Mayın 14-də Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ-ın Avropa və Avrasiya məsələləri üzrə Dövlət Katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker arasında telefon danışığı baş tutub.
Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, tərəflər bölgədə mövcud olan cari vəziyyət, Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıb.
ABŞ Dövlət Departamentinin sözçüsü, ATƏT sədrinin və Rusiyanın bəyanatlarından sonra bu gün, martın 14-də Fransa prezidenti öz Facebook səhifəsində Ermənistanı müdafə bəyanatı ilə çıxış edib. Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Rusiya prezidentinə zəng edib.
SEE ALSO: ABŞ Dövlət Katibinin köməkçisi və Azərbaycan xarici işlər naziri sərhəddəki gərginliyi müzakirə edibFransa prezidenti Emmanuel Makron Facebook səhifəsində Azərbaycan qoşunlarının Ermənistan ərazisindən çıxarılmalı olduğunu bəyan edib.
“Azərbaycan qoşunları Ermənistan ərazisinə nüfuz edib. Onlar dərhal geri qayıtmalıdırlar. Fransa erməni xalqını dəstəkləyib və dəstəkləyəcək,” o Facebook səhifəsində erməni dilində yazıb.
Mayın 13-də Makron mövzunu Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyanla telefon söhbətində də müzakirə edib.
“Fransa regiondakı gərgin vəziyyətin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası vasitəsilə nizamlanmasının tərəfdarıdır. Bu, regionda sabitliyi və təhlükəsizliyi təmin edərdi,” Yelisey Sarayının mətbuat xidməti bildirib.
Rəsmi Bakı hələlik Fransa prezidentinin bu çıxışına və Facebook səhifəsində yaydığı bəynatına cavab verməyib.
Kremlin mətbuat xidməti mayın 14-də bildirib ki, mayın 13-də axşam saatlarında Ermənistan Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar Rusiya prezidenti Vladimir Putinə zəng edib.
“Ermənistan-Azərbaycan sərhədində bu yaxınlarda baş vermiş insidentlə bağlı fikir mübadiləsi zamanı Vladimir Putin Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarının bütün müddəalarına, ilk növbədə də atəşkəs rejiminə ciddi şəkildə riayət olunması ilə bağlı müddəasına riayət olunması zərurətini vurğulayıb.
Rusiya tərəfinin fəal vasitəçilik səylərini davam etdirmək və regionda sabitliyin təmin edilməsi məqsədilə Yerevan və Bakı ilə sıx əlaqələr saxlamaq niyyəti təsdiq edilib.
Nikol Paşinyan Rusiya prezidentinə minnətdarlıq edərək, yaranan problemlərin müstəsna olaraq dinc, siyasi-diplomatik vasitələrlə həlli məqsədilə konstruktiv dialoqun və qarşılıqlı fəaliyyətin tərəfdarı olduğunu bildirib.
Həmçinin Cənubi Qafqazda iqtisadi və nəqliyyat-logistika əlaqələrinin bərpa edilməsi məsələlərinə toxunulub.
Müxtəlif səviyyələrdə gələcək əlaqələr razılaşdırılıb”, deyə Kremlin mətbuat xidməti məlumat yayıb.
SEE ALSO: Dövlət Departamentinin sözçüsü: Ermənistan-Azərbaycan sərhədində gərginliklə bağlı məlumatları yaxından izləyirikAzərbaycan Dövlət Sərhəd Xidməti (DSX) aprelin 14-də bildirib ki, Azərbaycanın ərazi bütövlüyü bərpa edildikdən sonra Ermənistanla dövlət sərhədində zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması davam etdirilir.
"Son günlər bu istiqamətdə baş verənlərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən rəsmi mövqe bildirilib. Hazırda Azərbaycan və Ermənistan sərhəd mühafizə orqanlarının nümayəndələrinin iştirakı ilə müzakirələr aparılır," Dövlət Sərhəd Xidməti bildirib.
Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan bu gün parlamentə çıxışı zamanı deyib ki, Ermənistan tərəfi ilə Sev liç (Qara göl) yaxınlığında Azərbaycan tərəfi ilə danışıqlar şənbə günü də davam etdiriləcək.
Onun sözlərinə görə, danışıqlarda Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının nümayəndəsi də xidməti xəritəsi ilə iştirak edir.
Mayın 14-də həmçinin Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı zamanı Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.
Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər
Azərbaycan-Ermənistan sərhədində gərginlik Rusiya xarici işlər naziri Sergey Lavrovun son günlər Ermənistan və Azərbaycana səfərindən sonraya təsadüf edir.
Nazir Lavrov Bakıda deyib ki, Rusiya "hamının münaqişənin hərbi aspektlərinin başa çatmasını əsas götürməsi üçün hər şeyi edəcək".
“İndi torpaqda detallarla məşğul olmaq lazımdır. Orada delimitasiya, demarkasiya ilə bağlı məsələlər var. Bu məsələlərin hamısı asan deyil, lakin hamısı həll edilə biləndir. Biz əminik ki, hərbi ekspertlər diplomatların iştirakı ilə qarşılıqlı məqbul qərarlar barədə razılığa gələ biləcəklər,” o mayın 11-də səfərinin yekunları ilə bağlı keçirilən mətbuat konfransında qeyd edib.
Mayın 13-də ABŞ-ın Dövlət Departamentinin sözçüsü Ned Prays Birləşmiş Ştatların Ermənistan-Azərbaycan sərhədində gərginlikləri yaxından izlədiyini bildirib. O, Twitter-də verdiyi açıqlamada Azərbaycanla Ermənistanı təmkinli olmağa çağırıb.
"Biz Ermənistan-Azərbaycan sərhədindəki demarkasiya xəttinin çəkilmədiyi hissəsində gərginliyin artdığına dair xəbərləri yaxından izləyirik. Biz başa düşürük ki, tərəflər arasında kommunikasiya davam edir və vəziyyətin sülh yolu ilə de-eskalasiaya edilməsi üçün təmkinə çağırırıq."
Bundan öncə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Linde Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə telefon söhbəti zamanı sərhəddə vəziyyəti müzakirə etdiyini bildirib. Ann Linde bu barədə Twitter səhifəsində məlumat verərək, ATƏT sədrliyi və onun şəxsi nümayəndəsinin vəziyyəti yaxından izlədiyini bildirib.
Dağlıq Qarabağ münaqişəsi barədə qısa məlumat
Ermənistan və Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.
Münaqişənin nizamlanması üzrə vasitəçilik missiyasını həyata keçirmək məqsədi ilə 1992-ci ildə ATƏT-in Minsk Qrupu yaradılıb. ABŞ, Rusiya və Fransa Minsk qrupunun həmsədr dövlətləridir. Minsk Qrupunun həmsədrləri vasitəçilikləri dövründə tərələr arasında barışıq üçün əhəmiyyətli tərəqqiyə nail ola bilməyib.
Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illik münaqişənin davamı olub.
Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində 300-dən çox yaşayış məntəqəsi, o cümlədən 5 rayon, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.
Razılışmaya əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb.
Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyoru, 380 ədəd avtomobil və xüsusi texnikası yerləşdirilib.
Azərbaycanın Ağdam rayonu ərazisində atəşkəs rejiminə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.
Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.
2021-ci il yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.
İşçi qrupu artıq bir neçə görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.