Azərbaycan Beynəlxalq Bankı London məhkəməsinin qərarına münasibət bildirib

Beynəlxalq Bank

Dekabrın 18-də London Apellyasiya Məhkəməsi Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının (AMB) aktivləri ilə bağlı xarici kreditorların iddialarına müddətsiz moratorium qoyulmasından imtina edilməsi barədə qərar qəbul edib.

AMB qərarı şərh edərkən bildirib ki, bu, bankın öhdəliklərinin restrukturizasiyasına təsir göstərməyəcək.

"Böyük Britaniya ərazisində bankın öhdəliklərinin könüllü restrukturizasiyası prosesi 2017-ci il iyunun 6-da birinci məhkəmə instansiaysının qərarı ilə tanınıb və bu qərar hələ də qüvvədədir", bankın məlumatında deyilir.

London Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qərarı isə gözlənilən idi.

"Birinci instansiya məhkəməsinin 2018-ci ilin əvvəlində qəbul olunmuş qətnaməsində qeyd edilb ki, transsərhəd müflisləşməsi və iflas proseslərinə münasibətdə Gibbs qanununun tətbiq edilib-edilməməsi Ali Məhkəmənin səlahiyyətinə aiddir. Apellyasiya Məhkəməsinin son qərarında da hakim təsdiq edib ki, Böyük Britaniya ərazisində Azərbaycan Beynəlxalq Bankının aktivlərinə dair hər hansı hərəkətlərin kreditorlar tərəfindən aparılmasına müddətsiz moratorium elan etmək səlahiyyətində deyil. Çünki Böyük Britaniya ərazisində Gibbs qanunu həm birinci instansiya məhkəmələri, həm də Apellyasiya məhkəmələri üçün məcburi xarakter daşıyır.

Bankın keçmiş rəhbəri Cahangir Hacıyev 15 il həbsə məhkim edilib

London Apellyasiya Məhkəməsinin bu son qərarı isə transsərhəd effektinə malik deyil və yalnız Böyük Britaniya ərazisində qüvvədədir. Bank bu qərarla bağlı Böyük Britaniya Ali Məhkəməsinə sikayət vermək hüququndan istifadə edəcək", məlumatda bildirilir.

2017-ci ildə AMB 3,3 milyard dollar həcmində öhdəliklərin restrukturizasityasını elan edib, kreditorlara borcun bir hissəsinin silinməsini təklif edib. AMB-nin restrukturizasiya planına görə, "Sberbank"a 20 milyon ABŞ dolları məbləğində kredit müqaviləsi üzrə 16 milyon ABŞ dolları dəyərində qiymətli kağızlar təklif edilib. Nəticədə "Sberbank"ın AMB-yə qarşı əsas məbləğ üzrə iddia tələbi cəmi 4 milyon ABŞ dolları təşkil edir. Restrukturizasiya planını qəbul etməyən "Sberbank" və Franklin Tempeltonla bağlı öhdəliklər restrukturizasiya olunmuş öhdəliklərin ümumi məbləğinin cəmi 5%-ni təşkil edir.

Sberbank" bununla razılaşmayıb və Qibbs qaydaları əsasında məhkəmədə bunu mübahisələndirib.

AMB bildirib ki, "Sberbank" və Franklin Tempeltona AMB-yə qarşı iddia qaldırmaq hüququ verilsə də onlar banka qarşı irəli sürülmüş iddia ilə bağlı başlamış məhkəmə prosesi çərçivəsində məhkəmə qətnaməsini ala və icraya yönəldə bilməzlər.

"Apellyasiya Məhkəməsinin 18 dekabr 2018-ci il tarixli qətnaməsində qeyd olunub ki, bu məhdudiyyət Ali Məhkəmə tərəfindən məsələ üzrə qərar verilənədək qüvvədə olacaq. London Apellyasiya Məhkəməsinin qərarı ilə "Sberbank" və Franklin Tempeltona Azərbaycan Beynəlxalq Bankının aktivlərinə tutma yönəltmək hüququ verilməyib. Bu hüququ əldə etmək üçün həmin kreditorlar Ali Məhkəmənin qərarını gözləməli və qalib gəlsələr, ayrıca iddia qaldırmalıdılar", məlumatda deyilir.

Beynəlxalq Bank Cənubi Qafqazda ən böyük bank hesab olunurdu. Bankın İdarə Heyətinin sədri Cahangir Hacıyev 2015-ci ilin mayından vəzifədən uzaqlaşdırlıb və həmin ilin dekabrında həbs olunub. Cinayət Məcəlləsinin 179 (mənimsəmə), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 309 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunan keçmiş bankir 15 il azadlıqdan məhrum edilib.

Bank 2017-ci ilin mayında $ 3.3 milyard dollar öhdəliklərinin olduğunu bildirib.

Bununla yanaşı, Hacıyevin həbsindən sonra bank qarşısında yüz milyonlarla dollar problemli öhdəlikləri olan iş adamlarının olduğu məlum olub. Həmin şəxslərin bir çoxu istintaqa cəlb edilib.

Dövlət tərəfindən bankın sağlamlaşdırılaraq özəlləşdirlməyə çıxarılması üçün təxminən 14 milyard manat məbləğində vəsait ayrılıb. Lakin, indiyədək bank özəlləşdirlməyə çıxarılmayıb. Dövlətin ABB-dəki payı 91%-dən çoxdur.

2018-ci ildə isə beynəlxalq mediada Cahangir Hacıyevin Britaniyada yaşayan xanımı Zamirə Hacıyevanın şəxsi təyyarədən istifadə etdiyi, bahalı şərablar aldığı, 2010-2016-cı illərdə ona və ailə üzvlərinə verilən bankın 35 kredit kartından istifadə edərək, lüks dükanlarda son 10 ildə 16 milyon funt - yəni 21 milyon dollardan çox pul xərclədiyi barədə məlumatlar dərc olunub.

Zamirə Hacıyeva Britaniya mediasında həmin ölkədə korrupsiyaya qarşı mübarizə qanununun ilk hədəfi kimi təsvir olunur.

Onun təkcə bir gündə zərgərlik dükanında 200 min dollara yaxın pul xərclədiyi, 55 milyon dollara şəxsi təyyarə aldığı da bildirilir. Sadalanan məbləğlər məhkəmədə üzə çıxanların hamısı deyil.

Zamirə Hacıyeva ilə bağlı araşdırma “İzahedilməmiş Sərvət Sərəncamı” adlı qanun layihəsinin qəbulundan sonra başlanıb.