Azərbaycan Baş Prokurorluğu: Minaya düşən 14 nəfər həlak olub

Tank əleyhinə mina

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti 2020- ci il noyabrın 10-dan minaya düşən ölkə vətəndaşlarının statistikasını açıqlayıb.

Fevralın 9-da yayılan məlumatda həmçinin ölkə vətəndaşlarına Azərbaycanın nəzarətinə keçmiş ərazilərə icazəsiz getməmələri ilə bağlı xəbərdarlıq edilir.

Açıqlamada qeyd edilir ki, belə icazəsiz səfərlərin nəticəsində bu ərazilərdə insanlar minaya düşərək həyatlarını itirir, bədən xəsarətləri alırlar:

"10 noyabr 2020-ci il tarixindən hazırkı vaxtadək azad edilmiş ərazilərdə 5 hərbi qulluqçu, 9 mülki şəxs həlak olub. 52 hərbi qulluqçu, 8 mülki şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb".

Məlumata görə, minalardan təmizləmə işi başa çatmadan o ərazilərə səfər edən şəxslərə qarşı qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də başlayan hərbi əməliyyatlar 30 ildən artıq davam edən münaqişədə 90-cı illərin əvvəllərindən sonra ən ciddi hərbi toqquşmalar olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.

Döyüş gedən ərazilərin ermənilər yaşayan hissəsində Rusiya Müdafiə Nazirliyi, Azərbaycan Ordusunun nəzarətində olan hissəsində isə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi, Azərbaycan, Türkiyə və Rusiya Müdafiə Nazirliklərinin minaaxtaranları işləyir.

Hərbi ekspert, Azərbaycan Ordusunun keçmiş korpus komandiri Şair Ramaldanov Amerikanın Səsinə müsahibəsində bildirib ki, münaqişə gedən ərazidə basdırılan minaların miqdarını və növünü demək mümkün deyil.

“Minalar daha çox düzənlik ərazilərdə basdırılıb,” o qeyd edib.

Bununla yanaşı, döyüş zonasında on minlərlə partlamamış döyüş sursatları qalmaqdadır.