Azər Qasımlı: Ölkəyə yeni konstitusiya lazımdır

Your browser doesn’t support HTML5

Artıq 26 ildir noyabrın 12-si Azərbaycanda Konstitusiya günü kimi qeyd edilir. Siyasi təhlilçi Azər Qasımlı Amerikanın Səsinə müsahibəsində Azərbaycan konstitusiyasına edilən dəyişikliklərin və ölkəyə yeni konstitusiyanın vacibliyindən danışıb.

Amerikanın Səsi: Azərbaycan Konstitusiyasında bəyan edilən məqsədlərin həyata keçirilmə vəziyyəti necədir?

Azər Qasımlı: Azərbaycan Respublikasının Konstitusiyasının preambulasında elə birinci cümlə ondan ibarətdir ki, hakimiyyətin mənbəyi Azərbaycan xalqıdır. Amma təəssüflər olsun ki, Azərbaycanda son illər ərzində bütün demokratik institutlar ya zəiflədilib ya da sıradan çıxarılıb. Seçkilər necə keçirilir, bu da hamıya bəllidir. Faktiki olaraq şəffaf, demokratik, ədalətli seçkilər yoxdur. Ona görə konstitusiyanın əsas müddəası pozulub. Heç vaxt işlək vəziyyətdə olmayıb. Bir də insan haqları ilə bağlı Azərbaycan Konstitusiyasında həddindən çox maddələr var. Elə, Konstitusiyanın üçdə biri insan haqlarına həsr olunub. İnsanın fundamental haqları orada təsbit olunub. Amma təəssüflər olsun ki, hələ də bu sahədə çox ciddi problemlər var. Ölkəyə yeni konstitusiya lazımdır.

Amerikanın Səsi: Ölkənin konstitusiyon quruluşu Azərbaycanda hüquqi, demokratik dövlətin bərqərar olması üçün şərait formalaşdırıbmı?

Seçkilər necə keçirilir, bu da hamıya bəllidir. Faktiki olaraq şəffaf, demokratik, ədalətli seçkilər yoxdur.

Azər Qasımlı: Xeyr, formalaşdırmayıb. Bir məsələni də qeyd etmək lazımdır ki, Azərbaycan Konstitusiyası üç dəfə, səhv etmirəmsə, dəyişkiliyə məruz qalıb. Hər yeddi ildən bir konstitusiyada dəyişikliklər edilib. Bütün bu dəyişikliklərə baxdıqda görərik ki, hər dəyişikliklikdə addım-addım hər zaman əksinə demokratik institutlar tamam ya sıradan çıxarılıb, ya da zəiflədilib, icraedici hakimiyyət daha çox səlahiyyət əldə edib. Qanunverici hakimiyyətin hər zaman səlahiyyəti daha da əlindən alınıb. Təbii ki, bu gün, konstitusiyaya görə Azərbaycanda super prezident, - hətta belə də demək olar. Güclü prezident üsul-idarəsi formalaşdırılıb. Bu da, təbii ki, o deməkdir ki, konstitusiyanın əsas maddələrindən biri olan hakimiyyət bölgüsü məsələsi ciddi şəkildə zədələnib.

Amerikanın Səsi: Son konstitusiya islahatları daha çox Əsas Qanunun hansı hissələrini əhatə edir?

Azər Qasımlı: Bu daha çox hakimiyyət bölgüsü məsələsinə aid olan dəyişikliklər idi. Belə ki, birinci vitse-prezidentlər institutu yaradıldı. Bununla baş nazirin səalhiyyətləri sanki azalmış oldu. Çünki prezidentdən sonra, əgər, prezident öz səlahiyyətlərini həyata keçirə bilmirdisə onun səlahiyyətləri baş nazirə keçirdi. Onun yerinə elə bil ki, birinci vitse-prezident araya girdi. Bu konstitusiyaya görə, vitse-prezidenti prezident təyin edir. O heç bir seçkidə iştirak etmədən hansısa bir fövqaladə vəziyyət yaranarsa, prezident öz səlahiyyətini icra edə bilmərsə, bütün səlahiyyətlər ona keçmiş olur. Yəni, faktiki olaraq elə bir post yaradıldı ki, o seçkisiz prezident səlahiyyətlərinə yiyələnmiş olur. Bu dəyişikliyi qeyd etmək olar. İkinci dəyişiklik də, yenə də, qanunverici hakimiyyətin səlahiyyətlərinin azalmasıdır. Belə ki, prezident daha əvvəlki konstitusiyada parlamenti buraxma səlahiyyətinə malik deyildi. İndi isə prezident artıq parlamenti də buraxa bilər. Düzdür, orada müəyyən şərtlər qeyd olunub. Amma yenə də ki, belə bir səlahiyyət verilib. Növbədənkənar parlament seçkilərini təyin edə bilər. Yəni, bu da o deməkdir ki, bayaq qeyd etdiyim kimi, hakimiyyət bölgüsünü ciddi şəkildə zədələdilər bir tərəfdən, digər tərəfdən də prezident üsul-idarəsini daha da gücləndirdilər. Bütün səlahiyyətlərin də bir əldə cəmləşdirməyə yönəlmiş dəyişiklər idi.

Amerikanın Səsi: İnsan hüquq və azadlıqlarının təmin olunması və qanunun aliliyi üçün hansı siyasi-hüquqi addımlar atılmalıdır?

Bu konstitusiyanı sadəcə kənara qoymaq  lazımdır. Onun yerinə yeni bir konstitusiya yazmaq lazımdır. Çünki bu konstitusiyaya o qədər mürtəce dəyişikliklər edilib ki, artıq onun üzərində işləməyin heç bir mənası yoxdur.

Azər Qasımlı: Mən hesab edirəm ki, Azərbaycanda konstitusion islahatlara ehtiyac var. Belə ki, bu konstitusiya tamamilə dəyişdirilməlidir. Bu konstitusiyanı sadəcə kənara qoymaq lazımdır. Onun yerinə yeni bir konstitusiya yazmaq lazımdır. Çünki bu konstitusiyaya o qədər mürtəce dəyişikliklər edilib ki, artıq onun üzərində işləməyin heç bir mənası yoxdur. Bu konstitusiyada nə olmalıdır? Yəni, siz insan haqları ilə bağlı sual verdiniz. Bu tək insan haqlarına aid deyil, digər sahələrə də aiddir. Çünki, əgər ölkədə hakimiyyət bölgüsü yoxdursa, əgər ölkədə Azərbaycan xalqı həqiqətən də hakimiyyətin mənbəyi deyilsə, təbii ki, digər sahələrdə də, o cümlədən də insan haqları sahəsində ciddi problemlər olacaq. Amma, ümumən götürəndə mən hesab edirəm ki, hakimiyyət bölgüsü daha sərt şəkildə qoyulmalıdır. Daha konkret təsbit olunmalıdır. İcraedici hakimiyyətin, təbii ki səlahiyyəti öz yerində. Amma, mən hesab edirəm ki, parlamentə çox ciddi səlahiyyət verilməlidir. Qanunverici hakimiyyətin müstəqilliyini təmin etmək üçün, elə müddəalar öz əksini tapmalıdır ki, qanunverici, o cümlədən, məhkəmə hakimiyyəti tam müstəqil olsun. Hakimiyyətin müstəqil qolları kimi fəaliyyət göstərə bilsin. Təbii ki, bunun yanında da prezidentin səlahiyyətlərini, yaxud icraedici hakimiyyətin səlahiyyətlərini azaltmaq lazımdır. İnsan haqları ilə bağlı elə bir rejim orada təsbit edilməlidir ki, onlar heç bir şəkildə tapdalanmasın. Amma, bir məsələni də qeyd eləmək istəyirəm. Bilirsiniz ki, konstitusiya kağızın üzərində yazılmış mətndir. Burada, iki məsələ önəmlidir. Birincisi odur ki, bu mətn necə yazılır, hansı şəraitdə yazılır və kimlər yazır. Yəni, hansı oyun qaydalarına uyğun yazılır. Əgər bir şəxs, bir qrup hakimiyyəti öz əlinə alır və hamıya diqtə edir ki, konstitusiya, yaxud bu mətn bu şəkildə olmalıdır .Bu yanlışdır. Yəni, istənilən konstitusiyanın yazılmasında bütün siyasi qüvvələr və ictimaiyyət iştirak etməlidir. Bu bir. İkincisi də istədiyiniz müddəaları konstitusiyaya yaza bilərsiniz. Məsələn, SSR-nin Konstitusiyasında da yazılmışdı ki, SRR-də demokratiyadır, insan haqları qorunur və s. Amma, reallığa baxdıqda biz gördük ki, böyük bir dövlət aparatıdır, necə ki, Azərbaycanda eyni şəkildədir və insanların hüquqları pozulur. Yəni, praktika çox önəmlidir. Yəni, istədiyinizi yaza bilərsiniz, amma həyat, təbii ki, öz istədiyini diqtə edir. Əsas məsələ onun icrasıdır.

Xatırlatma

Azərbaycan Konstitusiyası 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edilib. İlk Konstitusiya 5 bölmə, 12 fəsil, 158 maddədən ibarət olub.

23 il ərzində konstitusiyaya üç dəfə - 2002-ci il avqustun 24-də, 2009-cu il martın 18-də, 2016-cı il sentyabrın 26-da referendum yolu ilə əlavə və dəyişikliklər edilib.

2002-ci il dəyişikliklərindən sonra ölkədə proporsional seçki sistemi (səslərin ayrı-ayrı şəxslərə deyil, partiyalara verilməsi) ləğv edilib və baş nazir Milli Məclis sədrindən önə çıxaraq ölkədə ikinci şəxs statusu alıb.

2009-cu ildə bir şəxsin ardıcıl iki dəfədən çox prezident seçilməsinə qoyulan qadağa aradan qaldırılıb.

Nəhayət, 2016-cı il referendumunda prezidentlik müddəti 5 ildən 7 ilə qədər artırılıb. Ölkədə vitse-prezidentlik institutu təsis edilib. Bundan bir il sonra, 2017-ci ildə ölkəyə 2003-cü ildən rəhbərlik edən prezident İlham Əliyev öz xanımını Mehriban Əliyevanı birinci vitse-prezident vəzifəsinə təyin edib.

2009-cu ilə kimi Konstitusiya günü qeyri-iş günü olsa da, 2009-ci ildən artıq iş günüdür.