Azər Qasımlı ReAL-dan istefa verib

Azər Qasımlı və Natiq Cəfərli

Respublikaçı Alternativ (ReAL) Partiyası Məclisinin başqanı Azər Qasımlı partiyadan istefa verib.

Bu barədə Azər Qasımlı noyabrın 6-da partiyadakı proseslərlə bağlı keçirdiyi brifinqdə deyib:

"Bu gün Azərbaycan iqtidari avtoritar rejim qurub və avtoritar praktikaları hər yerdə təbliğ edir. Azərbaycan müxalifəti, özünü alternativ hesab edən siyasi təşkilatlar bunun tam alternativlərini göstərməlidirlər. Amma bu gün ReAL-da gedən proses odur ki, onlar avtoritar rejim qurublar, biz də öz avtoritar rejimimizi quraq".

Azər Qasımlı vurğulayıb ki, o, ReAL ailəsindən yox, İlqar Məmmədovun partiyasından gedir. Eyni zamanda əlavə edib ki, siyasətdən getmək fikri yoxdur.

İlqar Məmmədov bir neçə gün əvvəl partiyanın strukturlarında islahat təşəbbüsü ilə çıxış edib. O, 125 birmandatlı dairənin hər birində yerli təşkilatlar yaratmağı təklif edib.

İlqar Məmmədov Partiyanın İdarə Heyətini, Məclisini və Nəzarət-Reviziya komissiyasını ləğv etməyi, onların yerinə şərti olaraq Siyasi Komitə adlandırılan vahid struktur təsis etməyi təklif edir. Onun komanda üzvlərinin sayı 10-15 nəfər, seçkilər dövründə isə 125 nəfərə qədər olmalıdır. Komitə qurultayda seçilir, seçkilər dövründə isə genişləndirilə bilər.

İlqar Məmmədov hesab edir ki, sədri qurultay deyil, Siyasi Komitə seçməlidir.

Ötən həftə ReAL növbədənkənar qurultayla bağlı İdarə Heyətinin 5 üzvündən ibarət Təşkilat komitəsi yaradıb. Partiyanın Ali Məclisi noyabrın 3-də növbədənkənar qurultayla bağlı qərar qəbul edib.

Azər Qasımlının partiyadan istefa verməsinə Respublikaçı Alternativ” (ReAL) Partiyasının icra katibi Natiq Cəfərli münasibət bildirib.

“REAL heç vaxt bir nəfərin partiyası olmayıb, ola da bilməz. Sədrimiz İlqar bəy həbsdə olanda belə sədr və 1 nömrəli siyasi məhbus olmasına baxmayaraq dəfələrlə zindandan göndərdiyi təklifləri qəbul edilməyib, İıqar bəy də bunu normal qarşılayıb. İndiki siyasi sistemdə, başqa təşkilatlarda bu mümkün deyil. Hər səhər ofisə ən tez İlqar gəlir, çay qoyur, çay dəmləyir, sadə üzvlər istənilən an onun yanına gəlib iradlarını və təkliflərini deyir - belə bir adamı avtoritarizmdə ittiham etmək yersizdir. REAL təkadam təşkilatı ola bilməz, bu mümkün deyil, belə olsaydı REAL-ı niyə yaradırdıq ki?! Gedib elə bu gün eyni qaydada idarə olunan partiyalardan birinə yazılardıq da ) REAL həyatda şəxsi uğur hekayəsi yazmış insanların təşkilatıdır. REAL-ın özəlliyi və gözəlliyi də məhz budur! REAL həmişə şəxsi incikliyini və ambisiyasını arxa plana alan liderlərin təşkilatıdır - bu belədir, belə də olacaq!” - deyə, o, Facebook səhifəsində bildirib.