Azərbaycanın müasir yazıçısı, "Qızıl Kəlmə" mükafatının laureatı Varis Yolçuyevlə müsahibə

  • Nərminə Cəlalqızı

Azərbaycanın müasir yazıçısı, "Qızıl Kəlmə" mükafatının laureatı Varis Yolçuyevlə müsahibə

Yazıçı 2011-ci ildə “Qızıl Kəlmə” mükafatına layiq görüldüyünü, kitablarının nəinki Azərbaycanda, digər ölkələrdə də oxunduğunu və oxucularından ona minlərlə rəy gəldiyini dedi

Amerikanın Səsinə yaradığılığından danışan müasir yazıçı Yazıçı Varis Yolçuyev Sovet İttifaqı dağıldıqdan sonra digər respublikalarda olduğu kimi Azərbaycanda da baş verən müharibə, social dəyişikliklər nəticəsində ədəbiyyata, sənətə marağın azalmasına səbəb olduğunu, bunun da kitabların tirajının azalmasına, kitab mağazalarının və kitabxanaların bağlanmasına səbəb olduğunu dedi. Lakin o, bir müddət sürən tənəzzüldən sonra 3-cü minillikdə bu tendesiyanın getdikcə azaldığını və hazırda ədəbiyyata, sənətə marağın artdığını bildirdi.

Varis müəllim hələ 90-cı illərdə Azərbaycanın görkəmli yazıçısı İsmayıl Şıxlının onun yaradıcılığını yüksək qiymətləndirdiyini və ədəbiyyata yeni bir istedadın gəldiyini deməsindən sonra yaradıcılığına daha böyük həvəslə başladığını dedi. O, 2008-ci ildə “Sonuncu ölən ümidlərdir” adlı kitabının nəşr edildiyini bildirdi və bu kitabın süjet xəttindən danışdı.

Varis Yolçuyev bundan sonrakı illərdə də dərc edilən kitablarından söhbət acdı. Yazıçı oxucularının sayının getdikcə artdığını və tələbatın çox olduğu üçün kitablarının bir neçə dəfə çap edildiyini bildirdi. Yazıçı 2011-ci ildə “Qızıl Kəlmə” mükafatına layiq görüldüyünü, kitablarının nəinki Azərbaycanda, digər ölkələrdə də oxunduğunu və oxucularından ona minlərlə rəy gəldiyini dedi. Varis müəllim Azərbaycanda kitab bazarını tədqiq edən “Bakı Kitab Klubu”nun onu ölkədə kitabları ən çox satılan yazışı elan etdiyini bildirdi.

Yazıçı növbəti “ 77-ci gün” adlı kitabının bu yaxınlarda çapdan çıxacağını dedi. Varis Yolçuyev əsərlərin cəmiyyətin bütün təbəqələri tərəfindən oxunması üçün dövrün tələbinə uyğun, süjet xəttinin maraqlı olmalı olduğunu bildirdi.

Varis Yolçuyevin oxucuları onun əsərləri ilə www.varis.az -da tanış ola bilərlər.