Bu gün Ermənistandan deportasiya olunmuş azərbaycanlı icması ATƏT-in Minsk qrupunun həmsədrlərinə müraciət qəbul edib.
Sənəddə deyilir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə yönələn təkliflər paketinə, o cümlədən “Madrid prinsipləri” deyilən müddəalara yenidən baxılmalıdır. “Dağlıq Qarabağın yekun statusu sülh danışıqları, kompromislər yolu ilə həllini tapmalıdır. Əgər Qarabağın 4 rayonunda sıx yaşayan ermənilərə səsvermə yolu ilə öz müqəddəratını təyinetmə hüququ verilsə, onda bu hüquq Ermənistandan deportasiya olunmuş və orada 14 rayonda çoxluq təşkil edən azərbaycanlılara da şamil olunmalıdır”, - deyə müraciətdə qeyd olunur.
İcma üzvləri Minsk qrupunun üzvlərinə xatırladır ki, çar Rusiyasının yeritdiyi siyasətin davamı kimi 1918-1920-ci illərdə, Stalinin qərarı ilə 1947-1953-cü illərdə və nəhayət 1988-1989-cu illərdə Ermənistan ərazisində öz doğma dədə-baba yurdlarında yaşayan azərbaycanlılar etnik təmizləmə siyasətinə, məcburi deportasiyaya məruz qalıb”.
Sənəddə deyilir ki, bölgədə sabit sülh şəraitinin yaradılması üçün xalqların bərabərlik prinsipinə riayət edilməlidir, bir xalqı etnik təmizləməyə məruz qoyub, digərinə sərbəst öz müqəddəratını təyin etmək hüququ verməklə sülhə nail olmaq mümkün deyil. “ATƏT-in Minsk qrupu nəzərə almalıdır ki, hazırda milyonlarla Azərbaycan vətəndaşı vaxtı ilə 20-ci əsr boyu Ermənistandan məcburi deportasiya olunmuş ailələrin nümayəndələridir. Onlar Azərbaycan dövlətinin ərazi bütövlüyü və xalqların bərabərlik prinsipini pozan hər-hansı bir sənəd və təklifi rədd edəcək”, - deyə müraciətdə xatırladılır.
Ermənistandan deportasiya olunmuş azərbaycanlı icmasının nümayəndələri icma adından politoloq Eldar Namazova ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmək və onların müraciətini beynəlxalq təşkilatlara çatdırmaq səlahiyyəti verilib. İcma üzvləri Media Mərkəzində keçirdikləri toplantıda Ermənistandan deportasiya olunmuş azərbaycanlıların daimi fəaliyyət göstərən təşkilatının təsis edilməsi və bir qayda olaraq Minsk qrupunun həmsədrləri ilə görüşlər keçirilməsi barədə razılığa gəliblər. Toplantıda həmçinin Ermənistandan olan insanların mühacir hökumətinin yaradılması və Dağlıq Qarabağın müqəddəratını təyin etmə hüququ ilə yanaşı, onların da müstəqilliyinin tələb edilməsi təklifləri irəli sürülüb. “Ermənistanda Dağlıq Qarabağın sahəsindən də böyük ərazidə azərbaycanlılar kompakt yaşayıb. Biz həmin ərazidə müstəqil dövlətimizi təsis edəcəyik”, - deyə toplantı iştirakçılarından biri qeyd edib.
Toplantıda həmçinin deportasiya və soyqırım abidələrinin ucaldılması ilə bağlı təkliflər də səsləndirilib. “Azərbaycanda Hüsnü Mübarəkin abidəsinə gül dəstəsi qoyurlar. Amma deportasiya və soyqırım qurbanlarının xatirəsini yad edib, önünə çiçək düzməyə bir abidə yoxdur”, - deyə Qərbi Azərbaycan Milli Azadlıq Hərəkatının rəhbəri Köçəri Nəsibov qeyd edib.
İcma bundan sonra daimi olaraq toplantılar keçirməklə bağlı da razılığa gəlib.
Ermənistandan olan azərbaycanlı icması bildirib ki, əgər Qarabağın 4 rayonunda sıx yaşayan ermənilərə səsvermə yolu ilə öz müqəddəratını təyinetmə hüququ verilsə, onda bu hüquq Ermənistandan deportasiya olunmuş və orada 14 rayonda çoxluq təşkil edən azərbaycanlılara da şamil olunmalıdır.