Azərbaycanda söz və ifadə azadlığına ictimai dəstək forumu keçirilir

Azərbaycanda söz və ifadə azadlığına ictimai dəstək forumu keçirilir

Dünyanın nüfuzlu hüquq-müdafiə və jurnalist təşkilatları Azərbaycanda söz və ifadə azadlığını dəstəkləyir

Bakıda “Söz və ifadə azadlığına ictimai dəstək forumu” açılıb. Forumun əsas təşkilatçıları Jurnalistlər İttifaqı, “Avrointeqrasiya” Milli İctimai Komitəsi, “İfadə Azadlığı” Komitəsi, “Azərbaycan Naminə” İctimai Forum, “Açıq Cəmiyyət” İnstitutu, “Turan” İnformasiya Agentliyi, “Media Hüququ” İnstitutu və “Yeni Nəsil” Jurnalistlər Birliyidir.

Forum çərçivəsində silsilə tədbirlər keçirilməsi nəzərdə tutulur: çərşənbə axşamı Media Mərkəzində deputat Aynur Camalqızı və ekspert Zeynal Məmmədlinin iştirakı ilə söz və ifadə azadlığı mövzusunda debat keçiriləcək. Eyni zamanda, paytaxt Bakıda söz və ifadə azadlığı haqqında, bu iki anlayışın fərqini izah edən maarifləndirici vərəqələrin paylanması kampaniyası başlanıb.
Çərşənbə günü söz və ifadə azadlığı mövzusunda foto və karikatura sərgisi açılacaq. Elə həmin gün “Frontline” klubunun açılışı olacaq.
Cümə axşamı - noyabrın 9-da 10 beynəlxalq jurnalist və hüquq-müdafiə təşkilatının - “Sərhədsiz reportyorlar”, “Artikl 19”, “Freedom Hous”, Beynəlxalq Jurnalistlər Federasiyası, Ümumdünya Qəzetçilər Assosiasiyası, Sülh və Müharibə İnstitutu və b. təşkilatların nümayəndələrindən ibarət beynəlxalq missiyanın iştirakı ilə konfrans keçiriləcək.
”Dünyanın nüfuzlu təşkilatları Azərbaycan mətbuatı ilə həmrəylik nümayiş etdirmək üçün foruma qatılıb. Missiyanın səfər proqramına Prezident Administrasiyasında, Mərkəzi Seçki Komissiyasında, Ombudsman Aparatında görüşlər, habelə vətəndaş cəmiyyəti fəalları və media rəhbərləri ilə görüşlər daxildir”, - deyə “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev “Amerikanın səsi” radiosuna bildirib.
Onun sözlərinə görə, beynəlxalq təşkilatların nümayəndələri həbsdə olan jurnalist Eynulla Fətullayev və blogerlər Emin Milli və Adnan Hacızadə ilə görüş istəyiblər, lakin cavab almayıblar. “Forum jurnalistin və blogerlərin həbsədn azad edilməsi ilə bağlı bəyanatla çıxış edəcək”.