Azərbaycanda hərbi komissarlıqlar ləğv edilib

Azərbaycanda hərbi komissarlıqlar ləğv edilib

Ekspertlər hərbi komissarlıqların ləğvini müsbət qarşılayır.

Fevralın 13-də prezident İlham Əliyev “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanununun tətbiqi barədə fərman imzalayıb. Fərmana görə, hərbi komissarlıqlar ləğv edilir və onların əsasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılır. Ekspertlər prezidentin fərmanını müsbət qiymətləndirirlər. Onların fikrincə, bu, ölkədə hərbi çağırış və səfərbərlik sisteminin modernləşdirilməsidir. “Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzinin rəhbəri Cəsur Sümərinli Amerikanın Səsi radiosuna bildirib ki, 2005-ci ildə Azərbaycanla NATO arasında imzalanmış Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planına görə, hərbi komissarlıqlar mülkiləşdirilməli və ayrıca qurum kimi fəaliyyət göstərməli idi.
Ekspertin sözlərinə görə, Azərbaycanda yüzədək hərbi komissarlıq var. “Çox yəqin ki, prezident fərmanı ilə ləğv ediləcək komissarlıqların əvəzində bir neçə regional çağırış və səfərbərlik məntəqələri yaradılacaq. Çağırış işlərində bələdiyyələr yaxından iştirak edəcək”, - o qeyd edib. C.Sümərinlinin fikrincə, prezident fərmanı hərbi çağırış sistemində NATO sisteminə keçidlə bağlı 2009-cu ildən başlanan fəaliyyətin məntiqi sonluğudur. “2009-cu ildə Biləcəri hərbi toplanış məntəqəsi ləğv edildi. 2010-cu ildə Respublika hərbi komissarı vəzifəsindən kənarlaşdırıldı və yenisi təyin edilmədi. Bundan sonra hərbi çağırış səlahiyyətləri və funksiyası Müdafiə Nazirliyinin Təşkilat və Səfərbərlik İdarəsinə verildi. Çağırış sisteminin elektron vasitələrlə idarə edildiyi bildirildi. Amma bu qaneedici deyildi. Rüşvət və korrupsiya halları yenə tüğyan edirdi”, - o bildirib.
Ekspert hesab edir ki, yeni yaradılan xidmət çağırış və səfərbərlik sistemində rüşvət və korrupsiya hallarının minimuma enməsinə kömək edəcək. “Hazırda onlarla hərbi komissarlıq işçisi rüşvət və korrupsiya cinayətləri ilə həbsdədir. Amma yeni yaradılan xidmətin rəhbəri təyin edilmiş general Arzu Rəhimovun karyerasında ciddi qanun pozuntusu, rüşvət və korrupsiya halı qeydə alınmayıb”,- o qeyd edib.

Prezidentin fərmanına görə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti iki ay müddətində Xidmətin strukturu, hərbi qulluqçularının və işçilərinin ümumi say tərkibi və ali zabit heyəti vəzifələrinin siyahısı barədə təkliflərini prezidentə təqdim etməlidir. Yeni xidmətin rəhbəri vəzifəsinə Arzu Rəhimov təyin edilib. Bu vaxtadək o, Dövlət Miqrasiya Xidmətinin başçısı vəzifəsində çalışıb, bunda öncə isə sərhəd qoşunlarında rəhbər vəzifələrdə xidmət edib. Ekspertlər hesab edirlər ki, hərbi sistemdə korrupsiya və rüşvətin aradan qaldırılması yolu NATO standartlarına uyğun professional orduya keçiddir. “Professional orduya keçid avtomatik olaraq çağırış sistemindəki rüşvət və korrupsiyanı aradan qaldıracaq. Bunun üçün NATO standartlarına uyğun vətəndaşların ehtiyatda qulluq sistemi, bazalar və proqramlar yaradılmalıdır. Məsələn, Gürcüstanda bu var və vətəndaşlar 16 gün ərzində təlimə cəlb olunurlar”, - Hərbi Analitik Tədqiqatlar Mərkəzinin rəhbəri İldırım Məmmədov Amerikanın Səsi radiosuna müsahibəsində bildirib.
Ekspert hesab edir ki, Azərbaycanda hərbi qulluq keçmək istəməyən vətəndaşlar üçün ölkənin beynəlxalq öhdəliyinə uyğun olaraq “Alternativ hərbi xidmət haqqında" qanun qəbul edilməlidir: “Beləliklə, hərbi qulluq keçmək istəməyən vətəndaşlar büdcəyə vəsait ödəməlidir. Bu vəsait hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına yönəldilməlidir. Məsələn, Türkiyədə hərbi qulluq keçməyənlər 8 000, Gürcüstanda 1100, Qırğızıstanda 500 dollar vəsait ödəyir”.

Cənab Məmmədorun fikrincə, NATO sisteminə keçid avtomatik olaraq korrupsiya və rüşvəti aradan qaldırır. “Eyni zamanda NATO sisteminə keçid ordunun cəmiyyətdə nüfuzunu və hörmətini artırır. Bu, həm də ordunun döyüş potensialını artırır, hərbi qulluqçuların sayının azalmasına və effektivliyin yüksəlməsinə səbəb olur”, - ekspert vurğulayıb.