Azərbaycan və Rusiya müdafiə nazirləri Qəbələ RLS-i müzakirə edib

Azərbaycan və Rusiya müdafiə nazirləri Qəbələ RLS-i müzakirə edib

Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verilib. Hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də daxil olmaqla ümumilikdə 2000 nəfər çalışır.

Rusiyanın müdafiə naziri Anatoli Serdyukov Bakıda səfərdədir. O bu gün Azərbaycan müdafiə naziri Səfər Əbiyevlə danışıqlar aparıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, geniş tərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığının inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.

Nazir Əbiyev bildirib ki, Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. “Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dmitri Medvedevin səyləri təqdirə layiqdir. Qısa zamanda prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həll edilməsinə ümidləri artırır”.

Eyni zamanda nazir Səfər Əbiyev bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməkdə davam edir.

Ekspertlər, danışıqların əsas mövzusunun Qəbələ RLS-in icarə müqaviləsinin vaxtının uzadılması məsələsi təşkil etdiyini düşünür. Rusiya Azərbaycanın mülkiyyətində olan Qəbələ RLS-in Amerikanın Raket Əleyhinə Müdafiə sisteminin tərkib hissəsi kimi baxılmasına razı olduğunu əvvəllər bəyan edib.

2011-ci ilin iyunun 9-da Azərbaycanın xarici işlər nazirinin müavini Araz Əzimov bildirib ki, Azərbaycan Qəbələ RLS-in icarə qiymətini artıra bilər. Nazir müavinin sözlərinə görə, Rusiya RLS-in icarə müddətini uzatmaq istəyir. "Biz əməkdaşlığı davam etdirməyə hazırıq. Amma şərtlərə yenidən baxmaq lazımdır”.

Cənab Əzimov rəsmi Bakının konkret hansı məbləği tələb etdiyi açıqlamayıb. O ancaq bildirib ki, risklərin yüksəlməsi və Qəbələ RLS-in əhəmiyyətinin artması səbəbindən icarə haqqı artırılmalıdır”.

Bu günlərdə isə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələsində Qəbələ RLS yenidən gündəmə gəlib. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 24-də Kazanda keçirilən görüşündən sonra Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Rusiyanın İnterfax agentliyinə müsahibəsində Ermənistan-Azərbaycan münaqişəsi ətrafında son danışıqlarla yanaşı Qəbələ RLS-dən də danışıb. Onun sözlərinə görə, hər halda, Qəbələ RLS üzrə mövcud müqaviləyə əsasən bu stansiyanın icarəsi haqqında sənədi ya uzatmaq, ya da ya yenidən baxmaq lazımdır. “Zamanında, biz bunu yenicə müzakirə etməyə başlayanda və hətta daha əvvəl, Rusiya tərəfi o haqda təşəbbüslə çıxış edib ki, Azərbaycan RLS-in sahibi kimi stansiyanın Rusiya və ABŞ tərəfindən istifadəsinə razılıq versin. Biz təbii ki, söylədik ki, bu mövzunu müzakirə etməyə hazırıq. Bundan sonra, Moskva və Vaşinqton arasında danışıqların bir neçə raundu keçirildi, hər iki tərəf bizi danışıqların mahiyyəti barədə məlumatlandırırdı”.
Cənab Məmmədyarov vurğulayıb ki, indiki şəraitdə Qəbələ RLS çox əhəmiyyətli strateji əhəmiyyətə malikdir və o, “strateji obyekt kimi adekvat qiymətləndirilməlidir”.

Qəbələ RLS-in icarə müddəti 2012-ci ilin avqustunda başa çatır.

Qəbələ RLS Azərbaycanın Qəbələ rayonunda fəaliyyət göstərən "Daryal" tipli stasionar radiolokasiya stansiyasıdır.

SSRİ-nin Raketdən Müdafiə Kompleksinin 8 əsas stansiyalarından biri olub. 1985-ci ildə istismara verilib.

Texniki parametrlərinə görə, 6000 km radiusdakı məsafəni nəzarətdə saxlamağa qadirdir, bu isə İran, Türkiyə, Hindistan daxil olmaqla Yaxın Şərqi bütövlükdə, həmçinin Hind okeanı və Avstraliya qitəsinin müəyyən bir qismini izləmək imkanı verir. Stansiya həmçinin bu ərazilərdən atılmış orta məsafəli, nüvə başlıqlı raketlərin ilk atış anından etibarən onların trayektoriyasını müəyyən edə bilir.

Stansiya SSRİ dağıldıqdan sonra Azərbaycanın mülkiyyətinə çevrilib. Azərbaycan 2002-ci ildə stansiyanı Rusiyaya 2012-ci ilə kimi il ərzində 14 mln. dollar ödəməklə icarəyə verilib.

Hazırda stansiyada 1400 nəfər Rusiya hərbiçisi qulluq edir. Burada həmçinin Azərbaycan mütəxəssisləri də daxil olmaqla ümumilikdə 2000 nəfər çalışır.