Azərbaycan İrana qaz satacaq

Azərbaycan İrana qaz satacaq

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İran Milli Qaz İxracı Şirkəti arasında “Təbii qazın alqı-satqısının əsas şərtləri haqqında” Saziş imzalanıb. Sənəd Azərbaycandan İrana 5 ildə qaz nəqlini nəzərdə tutur.

Bakıda Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və İran Milli Qaz İxracı Şirkəti arasında “Təbii qazın alqı-satqısının əsas şərtləri haqqında” Saziş imzalanıb. Sənədi ARDNŞ-in prezidenti Rövnəq Abdullayev və Azərbaycanda səfərdə olan İranın Neft Sənayesi naziri, OPEC-in sədri Seyid Məsud Mirkazemi imzalayıb.

ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bildirib ki, sazişə əsasən Azərbaycan bu il fevralın 1-dən İrana qaz ixracına başlayacaq. “Sənəd Azərbaycandan İrana 5 ildə qaz nəqlini nəzərdə tutur. Bu il İrana 1 milyard kubmetr qaz nəqli ediləcək”.
İranın neft sənayesi naziri Seyid Məsud Mirkazemi isə gələn il İrana nəql edilən qazın həcminin 2 mlrd. kubmetrə çatdırılacağını bildirib. “Hər il nəql ediləcək qazın həcmi ayrıca müəyyənləşdiriləcək”, - deyə o əlavə edib.
ARDNŞ prezidentinin dediyinə görə, İrana ixrac olunan qazın qiyməti Türkiyə və Rusiyaya ixrac edilən qazın qiymətindən aşağı deyil və iqtisadi səmərəlidir.