Azərbaycan-İran labirinti (təhlil)

Azərbaycan-İran labirinti (təhlil)

Münasibətlərin əsas rəsmi bəyanatlarda dostluq, sonradan təkzib edilən bəzi rəsmi bəyanatlarda “həqarətli dostluq” və müstəqil politoloqların fikirlərində düşmənçilik səviyyəsində olduğu görünür.

İranın son diplomatik manevrləri heyrətləndiricidir. Bu ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Seyid Həsən Firuzabadinin “Azərbaycanda qiyam” bəyanatı doğrudan da qiyam effekti yaradıb. Bu bəyanat İranda və Azərbaycanda çoxsaylı dövlət məmurlarının və ictimaiyyətin başını deyəsən çox ağrıdacaq.

General bildirib ki, Azərbaycan hakimiyyəti dindarların hüquqlarını pozmaq və sionistlərin maraqlarını təmin siyasətini davam etdirsə, Aran xalqının qiyamını yatırmaq mümkün olmayacaq. “Aran xalqının damarlarında iranlı qanı axır, ürəkləri isə Quran və İslam sevgisi ilə doludur”.

Qiyam öz yerində, amma ordu generalı “Aran xalqının damarlarında iranlı qanı axır, ürəkləri isə Quran və İslam sevgisi ilə doludur”, - deməklə əslində Azərbaycan Respublikasının rəhbərləri ilə yanaşı, öz siyasi rəhbərlərinə də sataşıb. Belə ki, İranın ən ünlü siyasi liderləri, ali dini rəhbəri Ayətullah Seyyid Əli Xameneyi və İran müxalifətinin rəhbəri Mir Hüseyn Musəvi azəri türküdür. Milli mənsubiyyətin isə hansısa dövlətə dəxli yoxdur. Generalın bəyanatının ikinci hissəsindəki “ürəkləri Quran və İslam sevgisi ilə doludur” fikri isə daha çox İrandakı azəri türkü siyasi liderlərə uyğun gəlir. Bu baxımdan, İranın siyasi liderləri öz təyin etdikləri ordu generalına cavab versələr daha yaxşı olardı.

Amma, cavab da verdilər. Həm Azərbaycan Respublikası, həm də rəsmi İran qoşun başçısı generalı yerindəcə susdurdular.

Azərbaycan Xarici İşlər Nazirliyi İran səfirini dəvət edərək öz notasını ona çatdırıb. Notada İran rəsmisinin “məsuliyyətsiz iftiralarına” qəti etiraz bildirilir və belə bəyanatın iki dövlət arasında yaranmış dostluq və qarşılıqlı anlaşma, eləcə də öhdəliklərə zidd olduğu vurğulanır.
Öz növbəsində, İranın xarici işlər naziri Əli Əkbər Salehi İran ordusunun Baş Qərargah rəisi Firuzabadinin Azərbaycan rəhbərliyi və xalqının ünvanına səsləndirdiyi bəyanatı rədd edib. Cənab Salehi İRNA agentliyinə bildirib: “Son vaxtlar KİV-də dərc olunan bəyanatlar əsassızdır və bu iddiaları irəli sürənlər tamamilə başqa məqsədlərə xidmət edə bilərlər”. Amma, nazir iddianın ordu generalı və ya media tərəfindən irəli sürüldüyünə aydınlıq gətirməyib.

Beləliklə, İran-Azərbaycan dostluğunun “astar üzü” daha aydın görünməkdədir. Münasibətlərin əsas rəsmi bəyanatlarda dostluq, sonradan təkzib edilən bəzi rəsmi bəyanatlarda “həqarətli dostluq” və müstəqil politoloqların fikirlərində düşmənçilik səviyyəsində olduğu görünür.

“Hesab edirəm ki, İran ordusunun Baş Qərargah rəisinin hədələyici bəyanatı Azərbaycan-İran münasibətlərində olan gərginliyə işarədir. İran özünü regional güc kimi nümayiş etdirmək istəyir. Lakin, çox yəqin ki, rəsmi Bakı İranın Fələstində, Livanda, İraqdakı təsirlərinin Azərbaycanda olmasına ehtiyac duymur”, - deyə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu Amerikanın Səsi radiosuna bildirib.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov hesab edir ki, İran rəsmilərinin bu cür bəyanatları ikitərəfli münasibətlərə ciddi mənfi təsir göstərəcək. “Azərbaycanda kimlərinsə aqibətindən danışan insanlar, yaxşı olar ki, öz aqibətlərini düşünsünlər. Onların apardığı siyasət nəticəsində İran dünyadan təcrid olunub”, - deyə o Amerikanın Səsinə bildirib.

Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə İran rəsmisinin din faktorundan siyasi məqsədlərlə istifadə etməsinin yolverilməz olduğunu bildirib. “Onun azərbaycanlıların damarlarında iranlı qanı var” deməsi düz deyil. Əksinə İranda on milyonlarla azərbaycanlı var və deyəsən, onun damarında türk qanı axır və bu səbəbdən də hirslidir. İran dövləti özünün milyonlarla müsəlman azərbaycanlı vətəndaşının bütün fundamental hüquqlarını pozanda, bir milyon müsəlman azərbaycanlını yurdundan didərgin salan Ermənistanla hərbi əməkdaşlıq edəndə, xristian Ohanyanı silah-sursatla təmin edəndə islam yadına düşmür. Yaxşı olar ki, İranda yaşayan müsəlmanlar rəsmi Tehranın bu əməllərinə reaksiya versinlər”, - deyə cənab Mollazadə qeyd edib.

Göründüyü kimi, qarşılıqlı bəyanatlar problemin daha dərin olduğunu göstərir. Yəni, artıq Azərbaycanda İranda yaşayan on milyonlarla azərbaycanlının, o cümlədən çoxsaylı azərbaycanlı dövlət xadiminin dini deyil, ana dili, ana dilində məktəb, media və başqa fundamental hüquqları da qarşılıqlı ittihamların ana xəttinə keçir.

Azərbaycan və İranın siyasi maraqları da üst-üstə düşmür və yüz illərdir ki, hər iki tərəf münbit siyasi mühit gözləyir. İran Azərbaycan, Cənubi Qafqaz və Xəzər regionundakı siyasi maraqları daxilində Ermənistan və Rusiya ilə sıx dostluq münasibətlərindədir. Azərbaycan isə əksinə Türkiyə, Amerika, Gürcüstan və Avropa İttifaqı ilə münasibətlərini inkişaf etdirir. Bu da regiondakı siyasi maraqların bloklaşmasının konturlarını biruzəsidir.

İranın Azərbaycanda uzun illərdən bəri dini təbliğatının nəticələri görünməkdədir. Hazırda, ölkənin siyasi kluarlarının əsas mövzularından biri kimi din faktoru öndədir. Ölkədə təbliğata və həbslərə baxmayaraq ilbəil dini meyllər artır. Artıq, dindarlar ciddi siyasi bəyanatlar verir, rəsmi qurumlar qarşısında toplum kimi güc nümayiş etdirir. Dindarların bəyanatları hətta o səviyyəyə qalxıb ki, dünyəvi siyasi müxalifətin bəyanatlarına cavab verməyən rəsmi hakimiyyət onların bəyanatlarına bu və ya digər şəkildə reaksiya verir.

Xatırladım ki, İran generalının bəyanatından bir neçə gün sonra İslam Partiyasının sədr müavini Arif Qəniyev, islam-azeri saytının rəhbəri Ramin Bayramov və Abgül Süleymanov həbs edilib.

Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda deyilir ki, Abgül Süleymanov İran İslam Respublikasının Bakıda fəaliyyət göstərən Mədəniyyət Mərkəzinin maliyyə dəstəyi əsasında rəsmi dövlət qeydiyyatı olmayan "Cəfəri" adlı radikal dini qrup yaradaraq ona rəhbərlik edib. Qrupun üzvləri dini radikallığı təşviq edən təbliğatlar aparıb, həmçinin belə ifrat çağırışları, eləcə də dini təfriqəni, məzhəb ayrı-seçkiliyini aşılayan vərəqələrin hazırlanmasını və dindarlar arasında paylanmasını təşkil ediblər. "Cəfəri" adlı radikal dini qrup tərəfindən təbliğat işinin genişləndirilməsi məqsədilə /www.islam-azeri.az/ internet saytı yaradılıb və ona rəhbərlik Ramin Bayramova həvalə olunub.

Abgül Süleymanov və "Cəfəri" adlı dini radikal qrupun üzvləri İran İslam Respublikasının Bakıdakı Mədəniyyət Mərkəzinin əməkdaşları, eləcə də Azərbaycan Respublikasında fəaliyyət göstərən radikal şiə meylli dini icma və birliklər, o cümlədən onların rəhbərləri ilə sıx əlaqələr saxlayıblar. Bundan başqa, Abgül Süleymanov hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin terrorçuluq və dövlətə xəyanət maddələri ilə 2008-ci ildən barəsində beynəlxalq axtarış elan olunmuş Azərbaycan Respublikasının vətəndaşı, İran İslam Respublikasının Qum şəhərində yaşayan və orada fəaliyyət göstərən "Haqq yolu" elmi-mədəni müəssisəsinin rəhbəri Hüseynov İsgəndər Hüseynəli oğlu ilə yaxın münasibətlər saxlamaqla yanaşı, "Cəfəri" adlı dini radikal qrupun fəaliyyət istiqamətini müəyyənləşdirməkdə sonuncudan mütəmadi təlimatlar alıb.
Eyni, zamanda, keçirilmiş baxışlar nəticəsində Arif Qəniyevin üzərindən təxminən 19 qram narkotik vasitə olan həşiş və ona məxsus avtomobildən 1 ədəd "Makarov" tipli tapanca, həmin odlu silaha aid 1 ədəd tapança darağı, 5 ədəd "PM" patronu, Ramin Bayramova məxsus qarajdan 1 ədəd "Baykal" tipli tapança, həmin tapançaya aid səsboğucu, 1 ədəd tapança darağı, 8 ədəd patron, 2 ədəd "F-1" tipli əl qumbarası və 2 ədəd alışdırıcı, 13 qramdan artıq narkotik vasitə olan həşiş qətranı, Abgül Süleymanovun üzərindən 23,7 qram narkotik vasitə olan həşiş aşkar edilərək götürülüb.

Göründüyü kimi, rəhbəri İranın dini lideri tərəfindən təyin edilən və 1994-cü ildən Azərbaycanda fəaliyyət göstərən İran Mədəniyyət Mərkəzi də bağlanacaq. Bu isə, birbaşa İranın ali dini liderinə “işarə etmək” deməkdir.

Eyni zamanda, islamçıların “narkotik və silah” ittihamı da İranın Azərbaycana qarşı siyasətində bu faktorlara üstünlük verdiyini göstərir. Həm də, İran generalının qiyam bəyanatı ilə məhz, bu ittihamlar bir-birini tamamlayır.

Amma, üfüqdə yeni, daha parlaq “siyasi ilğımlar” da görünür. Regionda diplomatik-siyasi oyunların konturları bu ilin sentyabrında, Nabucco layihəsi ilə bağlı Avropa İttifaqının siyasəti tam aydın olandan sonra görünəcək.