Azərbaycan-Qazaxıstan futbol yarışında Urmu gölü şüarları səslənib

Azərbaycan-Qazaxıstan futbol yarışında Urmu gölü şüarları səslənib

Azarkeşlər “Azərbaycan canımdır, Urmu gölü qanımdır!, “Quzeyimiz oyaqdır, Güneyinə dayaqdır!, “Urmu gölü səslənir, Haray, haray susuzam!”, “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarları səsləndirib və plakatlar qaldırıb.

Bu gün Bakıda Tofiq Bəhramov adına stadionda Avropa çempionatı üzrə Azərbaycan-Qazaxıstan seçmə oyununda bir qrup azərbaycanlı azarkeş milli və siyasi şüarlar qaldırdığına görə polis tərəfindən saxlanıb.

Azarkeşlərdən biri, Dünya Azərbaycanlıları Konqresinin Gənclər Təşkilatının sədri Samir Turan Amerikanın Səsi radiosuna bildirib ki, hazırda Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsində 9 nəfər azarkeş var. “Biz İran rejiminin Urmiyə gölünün qurumasına biganə münasibətinə etiraz şüarları qaldırdıq və səsləndirdik. Azarkeşlər “Azərbaycan canımdır, Urmu gölü qanımdır!, “Urmu gölü susuzdu, Azərbaycan birləşməsə uduzdu!, “Quzeyimiz oyaqdır, Güneyinə dayaqdır!, “Urmu gölü səslənir, Haray, haray susuzam!”, “Urmu gölü can verir, Məclis onun qətlinə fərman verir” şüarları səsləndirdi və plakatlar qaldırdı”, - deyə o qeyd edib.

Öz növbəsində, 17-ci polis bölməsinin növbətçi hissəsindən bildiriblər ki, saxlanan gənclər xəbərdarlıq edilərək azad buraxılıb.