Azərbaycan prezidenti diasporun inkişafında xidməti olanları təltif edib

Azərbaycan prezidenti diasporun inkişafında xidməti olanları təltif edib

Təltif olunanlar sırasında Türkiyə parlamentinin deputatı Sinan Oğan, prezidentin qızı, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərov da var.

İyulun 5-də Bakı şəhərində Dünya Azərbaycanlılarının 3-cü qurultayı açılacaq. Bu gün prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə, bir qrup şəxsi Azərbaycanın “Dostluq” ordeni və “Tərəqqi” medalı ilə təltif edib. Eyni zamanda, xaricdə fəaliyyət göstərən azərbaycanlıların bir qrupuna Azərbaycanın fəxri adları verilib.

“Tərəqqi” medalına layiq görülənlər arasında Türkiyə parlamentinin deputatı Sinan Oğan, prezidentin qızı, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının sədri Leyla Əliyeva, Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərovun oğlu, Avropa-Azərbaycan Cəmiyyətinin rəhbəri Taleh Heydərov da var.

“Dostluq” ordeni ilə təltif edilənlərin bir neçəsi barədə Google axtarış sistemində məlumat əldə edə bilməsək də Azərbaycan diasporunun inkişafında xidmətləri olan aşağıdakı şəxslər barədə çoxsaylı məlumatlar var: İosif Şaqal, - Azərbaycan-İsrail Beynəlxalq Assosiasiyanın prezidentidir. Ertan Demirtaş, - Gülhanə Hərbi-Tibbi hospitalının doktorudur, mərhum prezident Heydər Əliyevin ürək həkimi olub. Mehmet Akkan Suver, -1942-ci ildə İstanbulda anadan olub, 2002, 2003, 2005-ci illərdə Azərbaycanda seçkilərdə müşahidəçilik edib, 2005-ci ildə Azərbaycanın “Tərəqqi” medalı ilə təltif edilib. Azərbaycan Qəzetçilər Birliyi və Atatürk Mərkəzinin İdarə Heyətinin üzvüdür. Ondan çox kitab müəllifidir. Suat Günsel, - Kipr Yaxın Doğu Universitetinin qurucu rektorudur. O Gürcüstandan olan azərbaycanlıların universitetdə pulsuz təhsil almasına şərait yaradır. “Hürriyyət” qəzetinin yazdığına görə, Yaxin Doğu Univetrsitetinin qurucu rektoru, Kiprdə “Suat Hoca” kimi tanınır və onun Girnede butik oteli, Lefkoşada mətbəəsi, bankı var. Vladimir İvanоviç Kolesnikov, -texnika elmləri doktoru, akademikdir. O Rostov Dövlət Yollar Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının cənub elmi mərkəzinin rəyasət heyətinin üzvüdür.