Ermənistan-Azərbaycan cəbhəsində atəşkəsin pozulması nəticəsində Azərbaycan ordusunun bir əsgəri həlak olub.
Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, yanvarın 17-də Ermənistan silahlı bölmələrinin Azərbaycanın işğal altında olan Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən açdığı atəş nəticəsində Azərbaycan ordusunun əsgəri Məmməd Azadəliyev şəhid olub.
Məmməd Azadəliyev hərbi xidmətə 2010-cu ilin oktyabr ayında Sumqayıtdan çağırılıb.
Xatırladaq ki, 2010-cu ilin yanvarından indiyədək Ermənistan-Azərbaycan cəbhəsində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan ordusu iyirmidən çox əsgərini itirib. Ötən ilin dekabrında iki ölkə prezidentlərinin son görüşündən sonrakı günlərdə cəbhədə atəşkəsin pozulması halları azalmışdı. Amma, 2011-ci ildə artıq bir neçə dəfə atəşkəs rejimi pozulub.