Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində İran - Azərbaycan - Rusiya marşrutu üzrə narkotik vasitələrin qanunsuz daşınması ilə məşğul olan, habelə mühafizə olunan dövlət sərhədini qanunsuz keçərək Azərbaycan ərazisinə odlu silah, döyüş sursatı və soyuq silah gətirən şəxslər yaxalanıb. Tədbirlər zamanı ümumilikdə 61 kiloqramdan artıq narkotik vasitə götürülüb, ondan çox Azərbaycan və İran vətəndaşı saxlanıb.
Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyinin məlumatına görə, faktla bağlı MTN-in İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı, dövlət sərhədini qanunsuz keçmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı və soyuq silah əldə etmə, satma, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.