Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin təsdiqi məsələsinə baxıb

Azərbaycan Konstitusiya Məhkəməsi parlament seçkilərinin təsdiqi məsələsinə baxıb

ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası parlament seçkilərinin texniki cəhətdən yaxşı təşkil olunduğunu bildirsə də, seçkilərin demokratik inkişaf yönündə əhəmiyyətli addım olmadığını vurğulayıb

Azərbaycan Konstitusiya Məhkəməsinin plenumu parlament seçkilərinin nəticələrinin təsdiqi ilə bağlı məsələyə baxıb.

Seçkilərdə 125 deputat yeri uğrunda 690 namizəd mübarizə aparıb. Mərkəzi Seçki Komissiyasının (MSK) yekun protokoluna görə, parlamentdə iqtidarda olan Yeni Azərbaycan Partiyası 71, Vətəndaş Həmrəyliyi Partiyası 3, Ana Vətən Partiyası 2, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Demokratik İslahatlar, Böyük Quruluş, Ümid, Sosial Rifah, Vətəndaş Birliyi, Ədalət Partiyalarının hər biri bir deputat yeri qazanıb. Parlamentdə deputatların 42 nəfəri bitərəflərdən ibarətdir.
ATƏT-in rəhbərlik etdiyi Beynəlxalq Müşahidə Missiyası parlament seçkilərinin texniki cəhətdən yaxşı təşkil olunduğunu bildirsə də, seçkilərin demokratik inkişaf yönündə əhəmiyyətli addım olmadığını vurğulayıb. ABŞ Dövlət Departamenti parlament seçkilərinin beynəlxalq standartlara uyğun keçirilmədiyini bəyan edib, hökuməti seçki pozuntularına yol verənləri məsuliyyətə cəlb etməyə çağırıb. Müxalifət partiyaları seçkinin nəticələrini tanımır, yenidən seçki keçirilməsini tələb edir.

Konstitusiya Məhkəməsində baxış zamanı isə MSK rəsmiləri və ekspertlər seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntularının olmadığını bildirib.

Hakim Rafael Qvaladze deyib ki, seçkilərdə qanun pozuntuları ilə bağlı prokurorluq orqanlarına 89 şikayət daxil olub. “Onun biri üzrə cinayət işi qaldırılıb, qalan şikayətlərlə bağlı isə müvafiq qərarlar qəbul edilib”.

Qeyd edək ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən deputatlığa namizəd Vidadi İsgəndərov barəsində cinayət işi başlandığını bildirib. O iddia edir ki, seçkiqabağı təbliğat zamanı İctimai Televiziyanın canlı efirindən iqtidarın siyasətini kəskin tənqid etdiyi, yerli hakimiyyət orqanlarını konkret faktlarla korrupsiya və rüşvətdə günahlandırdığı üçün barəsində cinayət işi qaldırılıb.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, cəmi 46 məntəqədə pozuntular aşkar olunub və bu məntəqələrdə səsvermənin nəticələri ləğv edilib. Onun dediyinə görə, şikayətlərə qanunun tələblərinə uyğun və vaxtında baxılıb. Seçicilərdən seçki hüququnun pozulması ilə bağlı müraciətlər daxil olmayıb. Şikayətlər əsasən seçkidə uduzan narazı tərəflərdən olub. MSK sədrinin sözlərinə görə, 5314 seçki məntəqəsində səsvermə təşkil edilib. “Səsverməni 50 mindən çox müşahidəçi, o cümlədən mindən çox xarici müşahidəçi müşahidə edib. Müşahidəçilər tərəfindən seçkilərin nəticələrinə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb”.

Müxalifətdə olan Müsavat Partiyasından MSK üzvü Gülağa Aslanlı Konstitusiya Məhkəməsini seçkilərinin nəticələrini təsdiqləməməyə çağırıb. Onun sözlərinə görə, seçkilər total şəkildə saxtalaşdırılıb, eyni adamlar müxtəlif məntəqələrdə dəfələrlə səs verib, qutulara qanunsuz olaraq çoxlu bülletenlər atılıb. “Əgər MSK ona təqdim olunan şikayətlərdəki faktları ədalətli, hərtərəfli və obyektiv araşdırsaydı, əminliklə bildirirəm ki, 40-a yaxın seçki dairəsinin nəticəsi ləğv edilməli idi”.

O hesab edir ki, nə qədər ki Azərbaycanda normal, yəni azad, ədalətli, şəffaf, demokratik və beynəlxalq standartlara cavab verən seçki keçirilmir, Dağlıq Qarabağ probleminin danışıqlar yolu ilə ədalətli həllinə nail olmaq mümkünsüz görünür. “Nə qədər ki, Azərbaycanda normal seçkilər keçirilmir, Dağlıq Qarabağ probleminin hərbi yolla həll oluna bilinməsi də inandırıcı görünmür. Nə qədər ki, Azərbaycanda normal seçkilər keçirilmir, ölkəmizin adı beynəlxalq təşkilatların qara siyahısında yer alacaq. Nə qədər ki, Azərbaycanda normal seçkilər keçirilmir, xalqın iradəsini təmsil etməyən adamlar təyinatla deputat olacaq, nəticədə büdcə təşkilatlarında işləyənlərin aldığı əmək haqları onları saxtakarlıq etməyə və rüşvət almağa məcbur edəcək. Elmin, təhsilin, səhiyyənin, vətəndaşların həyat səviyyəsi yüksəlməyəcək, insanlar mənəvi deqradasiyaya uğrayacaq.

Normal seçkilər keçirilməyən ölkələrdə demokratik dəyərlərə sahib olmaq mümkün olmur. Demokratik dəyərlərə sahib olmayan ölkələrdə azad cəmiyyət qurula bilinmir. Azad cəmiyyət olmayan yerdə isə həqiqi iqtisadi inkişaf və firavanlıq , xoşbəxt və ləyaqətli həyat şəraiti olmur”, - deyə o qeyd edib.

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov cənab Aslanlının çıxışını siyasi adlandırıb.

Müzakirələrdən sonra Konstitusiya Məhkəməsinin Plenumu qərarını noyabrın 29-da elan ediləcəyini bildirib.