Azərbaycan amerikalı qadının gözüylə

  • Ulviyyə Əsədqızı

Azərbaycan amerikalı qadının gözüylə

DİKBAŞ, CƏSARƏTLİ AMERİKALI QIZ VƏ AZƏRBAYCAN…

“Mingəçevir kişilərində sanki belə bir təsəvvür var idi ki, qərbli qadınların hamısı fahişədir və onlarla necə desən davranmaq olar. Bu, məni çox ağrıdırdı…”

Söhbətin bu yerində Kim həyəcanlanır. Tipik amerikalıdan daha çox azərbaycanlılara bənzəyən qaraşın sifətinə kədər çökür, yanaqları xəfifcə qızarır...

Kim Joyce üç ilə yaxın Azərbaycanda yaşayıb, Sülh Korpusunun könüllüsü olub. Azərbaycanda olduğu müddətdə gənclər təşkilatlarına rəhbərlik edib və ingilis dilindən dərs deyib. Amerikaya 2010-cu ilin dekabrında dönüb.

Kimin 24 yaşı var, Şimali Karolina Uilmington Universitetini fəlsəfə və kommunikasiya üzrə bakalavr dərəcəsi ilə bitirib. Onunla Vaşinqton DC- də, mərkəzi küçələrin birindəki kafedə söhbət edirik...

“Azərbaycanda qaldığım müddətdə üç ay Sumqayıtda, sonra isə Mingəçevirdə yaşamışam. Azərbaycan kişiləri xaricdən gəlmiş qadınlara tamam başqa münasibət bəsləyir, öz qadınlarına tamam başqa. Bir xarici qadın üçün küçədə gəzmək olduqca çətindir. Küçədə gəzərkən nəzərlər sənin üzərindədir həmişə... Mütləq sənə söz atmalıdırlar, ələ salmalıdırlar. Sanki, qərbli qadın öz qədrini Azərbaycan qadınından daha az bilir, daha tez əlçatandır kişi üçün və s. Halbuki, bu, tamamilə yalnış təsəvvürdür”.

“KİŞİ MƏNƏ ARXADAN HÜCUM ETDİ”

Özünün təbirincə desəm, bu dikbaş, cəsarətli amerikalı qızın Azərbaycanla bağlı ən kədərli hekayəti ona gecə vaxtı naməlum bir kişinin hücumu ilə bağlıdır. Kim bir dəfə yaxınlıqda yaşayan rəfiqəsinin evindən gəlirmiş, hiss edir ki, kimsə onu izləyir. Çalışır özünü ələ alsın, bu fikri beynindən çıxarsın. Evə çatıb, açarı qapıya salmaq istəyəndə güclü kişi əli arxadan onu qucaqlayır. Kim möhkəm qışqırır, kişi görünür qorxudan onu buraxır və qaranlıqda yoxa çıxır:

“Təhlükəsizlik xidmətinə zəng vurdum, amma o adamın kimliyi hələ də naməlum qalır. Çox ağrılı an idi. Amma qonşu qadınların həmin ərəfədə mənə necə qulluq etməsini, qayğıma qalmasını heç unutmaram”.

Bütün bunlara baxmayaraq, Kim hesab etmir ki, amerikalı kişilər azərbaycanlı kişilərdən daha üstündürlər. “İnsan hər yerdə insandır”, deyir, azərbaycanlıların belə davranışı fərdi xüsusiyyətlərdən daha çox ölkənin mədəniyyəti ilə bağlıdır.

SUMQAYITDA AMERİKA TƏBƏSSÜMÜ

Kim qaraşındır. Buruq saçları çiyninə düşür. İlk baxışda tipik azərbaycanlı qızından fərqləndirmək çətindir. Amma Sumqayıtda və Mingəçevirdə adamlar onun gəlmə olduğunu bilirlərmiş. Ya kürəyindən asdığı çantasından, ya fərqli yerişindən, ya da ki, təbəssümündən. İlk günlər amerikalı qız Sumqayıtın küçələrində ona baxan hər kəsə mehriban-mehriban gülümsəyirmiş. Çox keçmir ki, bunun necə problemlər yaradacağını özü də başa düşür, dostları da deyirlər:

“Azərbaycanlılar əslində, çox mehribandırlar. Amma evin içində. Onlar evlərinə buraxdıqlara adama ürəkdən gülümsəyirlər. Amma küçədə yox. Onlar ictimai xoşbəxt deyillər. Bəlkə də məhz buna görə küçədə gülümsəmirlər...”

KİM NİYƏ ERMƏNİSTAN VƏ GÜRCÜSTANI TANIYIRMIŞ, AZƏRBAYCANI YOX

Sülh Korpusu Kimə bildirəndə ki, o, Azərbaycana gedəcək, Kim xəritəni açıb, adını ilk dəfə eşitdiyi bu ölkəni axtarmağa başlayıb. Dediyinə görə, o vaxta qədər Gürcüstan və Ermənistan haqda eşidibmiş, Azərbaycan haqda yox:

“Ermənistan haqda biz tez –tez Amerika TV şoularında, qəzetlərində məlumat alırıq. Bəzən neqativ, bəzən də pozitiv konteksdə. Gürcüstanla biz daha çox xristianlığı öyrənəndə eşidirik. Azərbaycan haqda isə demək olar ki, Amerikada çox az şey bilirlər”.

KIM, YOXSA “WHO” MÜƏLLIMƏ

Kimin adı ilə bağlı maraqlı xatirələri var. Hər dəfə ondan soruşanda ki, adın nədir, o da pozuq Azərbaycan dilində deyirmiş ki, “mənim adım Kimdir”. Bəzən ona yenidən sualın izah etməyə çalışırmışlar, bəzən də qonaq qızın zəif Azərbaycan dilinə qəhqəhə çəkirmişlər. Kim telefonla zəng vuranda anlaşılmazlıq daha ciddi olurmuş:

“-Alo, danışan Kimdir!

-Ay xanım, siz mənə zəng vurmusunuz... necə yəni, kimdir?”

Azərbaycanda olduğu müddətdə Kim bu cür söhbətlərə həmişə hazır olub. Tələbələri isə onun adını ingiliscəyə tərcümə edib zarafatla “Who” müəllimə çağırırlarmış.

Kim deyir ki, Azərbaycan üçün darıxır. Bir xarici olaraq onun Azərbaycanda əlahiddə statusu var imiş, məsələn, istəsə lap Təhsil Nazirliyinə də buraxarlarmış onu. Burda isə o, adi amerikalıdır: “Mən həm də o istilikdən ötrü darıxıram. Məsələn, bazara gedirsənsə, səni artıq göyərtisatan, qatıqsatan tanıyır... Məni bir dəfə qonaq çağırdılar, evə gedəndə 10 kq nar verdilər hədiyyə kimi. Amerikada bu cür hallarla çətin ki, qarşılaşasan. Amerika cəmiyyətində individuallıq daha çoxdur”.

GÜRCÜLƏR SİZDƏN DAHA QONAQPƏRVƏRDİRLƏR

Kim Azərbaycanı Gürcütanla müqayisə edir (O, Gürcüstanda yaşamayıb, qısa səfərlər edib), deyir ki, gürcülər azərbaycanlılardan qat-qat açıq fikirli və qonaqpərvərdirlər: “Azərbaycanlılar da qonaqpərvərdirlər, amma tanıdıqları adama. Gürcülər isə tanımasalar belə sənə qucaq açırlar”.

... Kimin nahar fasiləsi başa çatır. Ona bildirirəm ki, istədiyi vaxt gedə bilər, intervyunu demək olar ki, bitirmişik. “Eybi yoxdur”,- deyir, bir az da qala bilərəm. Sonra da əlavə edir ki, Azərbaycanın həyatında qoyduğu ən ciddi izlərdən biri də bu cür arxayınlaşmasıdır. Tipik amerikalılar kimi saniyəsinin qədrini bilən, planlı Kim Azərbaycandan qayıdandan sonra görüşə gecikməyi, yubanmağı nisbətən daha adi qarşılayır. Dediyinə görə, dostları da bunu müşahidə ediblər. Kim Azərbaycan dilində bir az danışa bilir, amma bir söz var ki, onu işlətməkdən zövq alır. Şirin ləhcə ilə “elə-belə” sözünü özü tələffüz edir, özü də özünə ləzzətlə şaqqanaq çəkib gülür.