Azərbaycan diffamasiyanın dekriminallaşdırılmasına hazırlaşır

Azərbaycan diffamasiyanın dekriminallaşdırılmasına hazırlaşır

Prezident Administrasiyası, Milli Məclisin deputatları, media rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlərin iştirakı ilə diffamasiya problemini müzakirə edilib.

Azərbaycan Mətbuat Şurası və ATƏT-in Bakı ofisi Prezident Administrasiyası, Milli Məclisin deputatları, media rəhbərləri, vətəndaş cəmiyyətinin nümayəndələri və ekspertlərin iştirakı ilə diffamasiya problemini müzakirə edib.

ATƏT-in Bakı ofisinin rəhbəri Bilge Cankorel bildirib ki, Mətbuat Şurası ilə birgə hazırlanmış “Diffamasiya haqqında” qanun demokratik cəmiyyətin - söz azadlığının təməl daşının davamlılığını təmin etməyə yardım göstərəcək.

Prezident Administrasiyasının ictimai - siyasi şöbəsinin müdiri Əli Həsənov çıxışına Mətbuat Şurasının müdafiəsi ilə başlayıb. “Mətbuat Şurasının xidmətləri önəmlidir. Kimlərsə həm daxildən, həm də xaricdən Mətbuat Şurasına basqılar edir. Amma onlar məqsədlərinə nail ola bilmədilər. Mətbuat Şurası media sahəsində yeganə seçkili qurumdur”, - deyərək o hökumətin bu qurumu müdafiə etdiyini media ictimaiyyəti və beynəlxalq qurumlar qarşısında nümayiş etdirib.

Şöbə müdiri diffamasiyanın dekriminallaşdırılması barədə danışarkən deyib ki, bu, heç də jurnalistləri məsuliyyətdən azad etmir. “Dekriminallaşma heç də jurnalistin sözü deyib, sonra sözün məsuliyyəti və fəsadları barədə düşünməməsi demək deyil. Senzura aradan qaldırılanda da deyirdilər ki, bütün problemlər həllini tapdı. Əksinə, ondan sonra medianın, jurnalistlərin məhkəmələrə verilməsi halları çoxaldı. Diffamasiyanın dekriminallaşması heç də məsuliyyətdən azad edilmə deyil. Bu, yalnız cinayət məsuliyyətindən azad edilməkdir. Amma əslində “Diffamasiya haqqında” qanunun qəbulu daha ciddi məsuliyyətdir. Əgər qanunun qəbulunadək jurnalistlər, redaksiyalar məhkəməyə verilirdisə, qanunun qəbulundan sonra həm jurnalist, həm də redaksiya inzibati məsuliyyətə məruz qalacaq”.

Eyni zamanda o, etiraf edib ki, Azərbaycanın demokratiya yolunda tutduğu mövqe qanunun qəbulunu zəruri edir. “Bəlkə də, dünyanın başqa ölkələrində sözə görə məsuliyyət nəzərdə tutulmur, söz hərəkətə çevriləndə məsuliyyət var. Ancaq Azərbaycan mentalitetində belə deyil. Azərbaycanda söz yarası və böhtan əxlaq normalarına uyğun deyil. Lakin, tutduğumuz demokratik yolun xatirinə müəyyən normaların qəbuluna gedirik”.

O hesab edir ki, ilk öncə kimin jurnalistin olduğu müəyyənləşdirilməlidir.“Qanunvericilər də bu məsələdə ciddi düşünməlidir. İstənilən şəxs bloq və internetdə səhifə açıb çıxış edə bilir. Onları jurnalist hesab etmək olarmı? Jurnalist ilk öncə Mətbuat Şurasının Əxlaq Kodeksinə imza atmalıdır. Hesab edirəm ki, bütün hallarda qanunun qəbulundan sonra media ilə münasibətlərdə çətinliklər artacaq. Azərbaycanda beysbol komandası yoxdur. Amma, düşünmək olar ki, qanunun qəbulundan sonra beysbol komandalarının işlətdiyi fiziki vasitələrdən də istifadə ediləcək”.

Cənab Həsənov media orqanları rəhbərlərini bütün bu məsələləri və onun yaratdığı məsuliyyəti düşünməyə çağırıb. “Əlbəttə, bu günki reket jurnalistikası daxilində kimlərisə təhqir və təhdid etmək jurnalistlərin Əxlaq Kodeksinə sığmır”.

ATƏT-in media azadlığı üzrə xüsusi nümayəndəsi Dunya Miyatoviç hesab edir ki,

Azərbaycan üçün diffamasiyanın dekriminallaşdırılmasın çox böyük önəm daşıyır. “Dövlətlər ilk öncə hökumətlə vətəndaş cəmiyyətlərinin müzakirələr aparması üçün şərait yaratmalıdır”.
Onun fikrincə, diffamasiya və onun dekriminallaşdırılması məsələləri həllini Azərbaycan reallığına uyğun tapmalıdır. “Dekriminallaşmadan danışılırsa, heç kim korrupsiya ilə bağlı faktları cəmiyyətə çatdıranda qorxu hissi keçirməməlidir”.

Xanın Miyatoviç məsuliyyətin çox vacib məqam olduğunu vurğulayıb. “Hansı səbəbdən siyasi şəxslər hər zaman jurnalistlərin məsuliyyətindən danışır. Əlbəttə, jurnalistlər məsuliyyətli olmalıdır. Amma, siyasətçilər jurnalistlərdən məsuliyyət tələb edirsə, bu, artıq senzuraya yol açmaq deməkdir. Media azadlığı demokratiyanı irəli aparan əsas addımdır. Bu, oturuşmuş demokratiyalara da, keçid dövrünü yaşayan ölkələrə də aiddir. Oturuşmuş demokratiyaların da bu sahədə problemləri var”.

Xüsusi nümayəndə hesab edir ki, siyasilər media azadlığı və jurnalistin məsuliyyəti məsələləri ilə bağlı tolerantlıq nümayiş etdirməlidir: “Siyasilər jurnalistin məsuliyyəti məsələsini ortaya atmaqla həm də jurnalisti özünüsenzuraya məruz qoyur. Hansı səbəbdən jurnalistlər fikrini azad ifadə edəndə qorxu keçirməlidir? Hansı səbəbdən jurnalistlər məqaləsinə görə cinayət məsuliyyətinə cəlb edilməli və ya həbsxanaya atılmalıdır? Biz jurnalistlərə peşə dərsi keçməməliyik! Heç bir jurnalistə peşə dərsi demək lazım deyil, onlara azad fəaliyyət üçün yardım edilməli və şərait yaradılmalıdır. Bundan sonra, jurnalistlərin peşəkarlığı məsələsi gündəmə gəlməlidir. Qadağalar varsa, kimsə həqiqəti üzə çıxarıb cəmiyyətə çatdıra bilməz”.

Xanım Miyatoviç son zamanlar Azərbaycanda jurnalistlərin həbs edilməməsindən məmnun olduğunu bildirib: “Dünən həbsxanada Eynulla Fətullayevlə görüşdüm. Həbsxanada məni çox yaxşı qarşıladılar. Amma hamı yaxşı bilir ki, Eynulla Fətullayev niyə həbs edilib”.
O həmçinin bir sıra qəzetlər barədə məhkəmə qərarlarının olmasını da xatırladıb. “Mətbuat Şurasının sədri bildirdi ki, son zamanlar media və jurnalistləri siyasilər və məmurlar məhkəməyə vermir. Diffamasiyaya görə qəzetlərin bağlanmasına da yol vermək olmaz”.

Xüsusi nümayəndə ofisinin Azərbaycana media azadlığı sahəsində kömək etməyə hazır olduğunu da diqqətə çatdırıb.

Paris Vəkillər Kollegiyasının baş vəkili Frederik Qras, KİV üzrə ekspert Zeynal Məmmədli, “Azərbaycan” və “Zerkalo” qəzetlərinin baş redaktorları Bəxtiyar Sadıxov, Elçin Şıxlı və digər ekspertlər jurnalistika və jurnalistlərin problemlərinə fərqli yanaşıblar, lakin ümumilikdə “Diffamasiya haqqında” qanunun qəbulu zərurəti ilə razılaşıblar. Frederik Qrasın fikrincə, KİV-lə dialoq axtarılması yükü hakimiyyət vasitələrinin cəmləşdiyi dövlət aparatının üzərindədir. Onun sözlərinə görə, hətta jurnalist Avropa İnsan Hüquqları Məhkəməsinin vətəndaş və dövlət sirlərinin bəzi növlərinin açılmasına görə məsuliyyət nəzərdə tutan 2-ci bəndini pozduğu hallarda belə, “kəşflərin” müəllifinə adekvat töhmət metodları tətbiq olunmalıdır, lakin həbsə yol verilməməlidir.

Media sahəsində hüquqşünas-eksperti Ələsgər Məmmədli bildirib ki, qanun layihəsi Avropa İnsan Hüquqları Konvensiyasına, Avropa məhkəməsi hüquq sahəsinə uyğun hazırlanıb, jurnalistləri cinayət təqiblərindən müdafiə etməyə qadirdir və jurnalistlərin Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə həbsinin ləğvini nəzərdə tutur. Lakin o qeyd edib ki, dekriminallaşdırılma haqqında qanunun qəbulu söz azadlığı sahəsində tam zəmanət vermir. “Digər konstitusion və qanunverici məhdudiyyətlər qalır ki, bunlardan da gələcəkdə jurnalistlərə qarşı cinayət təqibləri məqsədilə istifadə oluna bilər”.

“Diffamasiya haqqında” qanun layihəsinin parlamentin payız sessiyasında müzakirəyə çıxarılması gözlənilir.