Azərbaycan Boks Federasiyasının prezidenti və Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov BBC telekanalının proqramında yayılan informasiyanı “qeyri-ciddi” və “böhtan xarakterli” adlandırıb. Məlumatda Beynəlxalq Boks Federasiyasının (AİBA) Azərbaycanın xeyrinə qanunsuz sövdələşməsindən danışılır. Cənab Heydərov Azərbaycan jurnalistlərinə müsahibəsində bildirib ki, BBC-nin yaydığı məlumatın böhtan olması ilə bağlı Azərbaycan tərəfində və Beynəlxalq Federasiyada sübutlar var. “Yalan məlumatı yayanlar buna görə cavab verməlidir”.
O həmçinin hesab edir ki, son illər AİBA korrupsiyaya qarşı və şəffaflığın artırılması ilə bağlı ciddi tədbirlər həyata keçirir. Eyni zamanda, cənab Heydərov BBC-nin materialını yayan müxalifət mətbuatını vətənpərvər olmamaqda ittiham edib. O, müxalifət KİV-nin hər zaman xaricdə Azərbaycan haqqında yazılan böhtan dolu materialları göydə tutmasından şikayətlənib. Cənab Heydərov hesab edir ki, Azərbaycanın imicinə dair məsələlərdə hakimiyyət və müxalifət bölgüsü olmamalıdır.
Ötən həftə BBC-nin proqramında bildirilib ki, AİBA London Olimpiadasında Azərbaycan yığmasının 2 qızıl medal qazanmasının təmin olunması üçün hansısa özəl investorlardan 9 mln. dollar pul alıb. Guya, bu məsələdə vasitəçilər Kəmaləddin Heydərov və onun köməkçisidir.