Sentyabrın 16-da ABŞ-da ən çox baxılan şoulardan biri olan America's Got Talent şousunun final mərhələsi keçirilib. Finalda azərbaycanlı Çarli Çaplin kimi tanınan Üzeyir Novruzovda iştirak edib. 10 qeyri-adi istedada malik insanın mübarizə apardığı final mərhələsində Üzeyir Novruzov qalib ola bilməyib.
Bir gün öncə keçirilən performans günündə münsiflər heyəti təəssüflə bildirmişdi ki, Üzeyirin son çıxışı zəif olub. Münsiflər heyəti buna səbəb kimi şounun yarımfinalında onun zədələnməsini göstərib və hətta bildiriblər ki, şounun həkimləri də onun zədəsinin ciddi olduğunu təsdiq edib.
Üzeyir Novruzovun özü də Amerikanın Səsi deyib ki, finalda iştirak üçün bəzi xəsarətlərini gizlətsə də, ağrıları hələ də kəskindir. "Hətta bir ara zədələrimə görə məni finaldan uzaqlaşdırıb, yerimə başqa iştirakçını çıxartmaq istədilər. Ancaq finalda səhnəyə çıxmaq özü böyük bir uğur, böyük bir reklamdır. Ona görə də, kiçik nömrə ilə də olsa səhnəyə çıxmaq qərarına gəldim və həkimlər son anda səhnəyə çıxmağıma icazə verdilər" - deyə Üzeyir Novruzov Amerikanın Səsinə bildirib.
Xatırladaq ki, keçən həftə keçirilən yarımfinal mərhələsində Üzeyir Novruzov nömrəsinin nümayişin sonunda, ən çətin anda müvazinətini saxlaya bilməyərək yıxılmışdı. Ancaq bu uğursuzluğa baxmayaraq onun əvvəlki çıxışlarını əsas götürən izləyicilər Üzeyirə səslərini əsirgəməmiş və azərbaycanlı Çarli Çaplini finala çıxarmışdı.
Şounun finalında isə Böyük Britaniyadan AGT-yə qatılan ventriloquist Pol Zerdin qalib gəlib. O, öz ağzı hərəkət etmədən kuklaları danışdıraraq xüsusi bir talanta sahib olduğunu göstərib. Onun ən yaddaqalan çıxışlarından biri yarımfinaldakı nömrəsi olub. İkinci yeri qüsurlu nitqi olmasına baxmayaraq komediya ustası kimi şouya qatılan Drew adlı amerikalı gənc, üçüncü yeri isə illuziyanist Oz Pearlmen tutub.
Rəsmən açıqlanmasa da, ehtimallara görə, azərbaycanlı Çaplin yalnız 7-ci yerlə kifayətlənməli olub. Üzeyir Novruzovun bir neçə həftə əvvəl Amerikanın Səsinə verdiyi geniş müsahibəni sizə təqdim edirik.
Your browser doesn’t support HTML5