ABŞ paytaxtı Vaşinqton şəhərində Amerika Azərbaycanlıları Demokratiya Uğrunda (AZAD) təşkilatı forum keçirib. “ABŞ-ın sanksiyaları Azərbaycan dissidentlərinə kömək edə bilərmi?” adı ilə keçirilən tədbirdə ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kazlariç, “Freedom House” təşkilatının keçmiş rəhbəri, hazırda isə Makkeyn İnstutunda insan hüquqları və demokratiya üzrə baş direktor vəzifəsini tutan David Kramer, eləcə də AZAD təşkilatının prezidenti Elmar Şahtaxtinski və vitse-prezidenti Qorxmaz Əsgərov çıxış ediblər. Tədbirdən sonra David Kramer və Elmar Şahtaxtinski Amerikanın Səsinə danışıblar,
Azərbaycana gedən amerikalılar bilməlidirlər ki, onlar orada izləniləcək, onları orada otel otaqlarında və başqa özəl məkanlarda videokameraya çəkəcəklər.Riçard Kazlariç, sabiq ABŞ səfiri
Tədbirdə ilk çıxış edən Riçard Kazlariç Azərbaycanda hüquq pozuntularının vüsət almasının ABŞ-Azərbaycan münasibətlərinə təsirindən danışdı. Onun sözlərinə görə jurnalist Xədicə İsmayılovanın və hüquq müdafiəçiləri Leyla və Arif Yunusların həbsləri İlham Əliyev hökumətinin avtoritarizmə doğru irəliləyişində son addımlardır və rəsmi Vaşinqton Əliyevə ciddi cavab vermək haqda düşünməldir.
Jurnalistlərin və hüquq müdafiəçilərinin həbs olunmalarının qəbuledilməz olduğunu vurğulayan cənab Kazlariç onun Azərbaycanda səfir işlədiyi dönəmdən bəri çox şeyin dəyişdiyini, insan haqları və demokratiya sahəsində isə durumun bərbadlaşdığını önə çəkdi,
“Biz Azərbaycan xalqı ilə təmas qurmağın yollarını aramalıyıq. Ənənəvi metodlar artıq işləmir. Vəziyyət orada günü-gündən pisləşir,” deyə sabiq səfir Vaşinqtonu Azərbaycanla münasibətlərə yenidən baxmağa çağırdı.
Azərbaycanda prezident administrasiyası rəhbəri Ramiz Mehdiyevin son məqaləsinə toxunan cənab Kazlariç bu yazını ABŞ-Azərbaycan münasibətlərində mühüm dönüş nöqtəsi adlandırdı. Sabiq səfir qeyd etdi ki, ABŞ-ı Azərbaycanda siyasi sabitliyə başlıca təhlükə kimi qiymətləndirməklə cənab Mehdiyev Azərbaycan hökumətinin Qərbə münasibətinin arxasında hansı düşüncələrin dayandığını faş etdi.
Riçard Kazlariç əlavə etdi ki, ABŞ avropalı müttəfiqləri ilə birgə işləyərək Azərbaycan hökumətinə qarşı konkret ölçüləri nəzərdən keçirməlidir. Bunların sırasında o, xüsusi olaraq ABŞ vətəndaşlarının Azərbaycana səyahət etməsinə dair xəbərdarlıq verilməsinin vacibliyini vurğuladı.
“Azərbaycana gedən amerikalılar bilməlidirlər ki, onlar orada izləniləcək, onları orada otel otaqlarında və başqa özəl məkanlarda videokameraya çəkəcəklər. Azərbaycan hökumətinin mediadakı bərbəzəkli reklamlarına baxmayaraq turistlərə aydın edilməlidir ki, Azərbaycanda onların başlarına pis şeylər gələ bilər.”
Bu ölkədə olan siyasi məhbusların sayı Rusiya və Belarusda mövcud olan siyasi məhbusların sayından iki dəfə çoxdur. Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik. Axı Azərbaycan niyə fərqli olmalıdır?David Kramer, Freedom House-un sabiq prezidenti
Freedom House təşkilatının sabiq direktoru David Kramer ABŞ üçün Azərbaycan kimi “artan şəkildə korrupsioner və avtoritar” rejimlə yaxşı münasibətlər saxlamağın çətin olduğunu bəyan etdi. Onun sözlərinə görə İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan təkcə Qərb dəyərlərinə deyil, universal dəyərlərə hörmət etmir.
“Bu ölkədə olan siyasi məhbusların sayı Rusiya və Belarusda mövcud olan siyasi məhbusların sayından iki dəfə çoxdur. Biz Rusiyaya və Belarusa sanksiyalar tətbiq edirik. Axı Azərbaycan niyə fərqli olmalıdır?”
Cənab Kramer prezident İlham Əliyevə Azərbaycanda həyata keçirdiyi siyasi həbslərə görə bədəl ödətdirməyin vacibliyini vurğuladı. Onun fikrincə, Xədicə İsmayılovanın həsbi göstərdi ki, belə bir hökumətə bəyanatlar işləmir.
“Sözdən işə keçmək vaxtı çoxdan gəlib çatıb,” deyə cənab Kramer Azərbaycan hökumətinə əməllərinin ona baha başa gələcəyini sübut etmək məqamının çatdığını bildirdi. Konkret olaraq o, prezident İlham Əliyevin sevimli hobbisi olan beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinə nəzər yetirməyin mühümlüyünü qeyd etdi.
“İlham Əliyev ölkədə mötəbər yarışlar keçirməklə beynəlxalq arenada hörmət qazandığını göstərməyə can atır. Bu kimi yarışların müqabilində ona siyasi məhbusları azad etdirmək lazımdır. Əks təqdirdə, sadəcə ona öz rejimini təşviq etmək imkanı verilir.”
David Kramer hazırda demokratiya ilə diktatura arasında müharibə getdiyini bildirdi. Bu müharibədə ABŞ-ın öz prinsiplərinə sadiq qalmalı olduğunu vurğulayan cənab Kramer Azərbaycanda mövcud olan rejimin hazırda əks mövqedə yer aldığını bildirdi.
Dəyərlərimizi paylaşmayan rejimləri Qərb institularına cəlb etmək səhv yanaşmadır. Onlar bizi dəyərlərimizi qəbul etmək əvəzinə onları korrupsiyaya uğradırlar. Biz bunun fəsadlarını Avropa Şurasında və başqa qurumlarda görürük. Mən Azərbaycan kimi ölkələrin bu qurumlarda təmsil olunmasını istəmirəm.David Kramer
“Dəyərlərimizi paylaşmayan rejimləri Qərb institularına cəlb etmək səhv yanaşmadır. Onlar bizi dəyərlərimizi qəbul etmək əvəzinə onları korrupsiyaya uğradırlar. Biz bunun fəsadlarını Avropa Şurasında və başqa qurumlarda görürük. Mən Azərbaycan kimi ölkələrin bu qurumlarda təmsil olunmasını istəmirəm.”
Daha sonra tədbirdə çıxış edən AZAD təşkilatının vitse-prezident Qorxmaz Əsgərov Azərbaycanda siyasi durumun İlham Əliyev hakimiyyətdə gəldiyi gündən bəri davamlı şəkildə pisləşdiyinə diqqət çəkdi. Onun sözlərinə görə Azərbaycan hökuməti son 11 il ərzində siyasi proseslərə yanaşmasında ardıcıllıq nümayiş etdirib – sistematik şəkildə sivil cəmiyyətin hüdudlarını daraldıb. Qərb isə İlham Əliyev hökumətinin basqılarına əsasən real əmələ söykənməyən bəyanatlarla, qarışıq siqnallarla cavab verib. Nəticə Azərbaycandə pisləşən insan haqları və soyuqlaşan ABŞ-Azərbaycan münasibətləri olub.
Tədbir sual-cavab sessiyası ilə başa çatdı.