Azərbaycan yığması Lüksemburqa qol vura bilmədi [Video]

Azərbaycan - Lüksemburq

2014-cü il Braziliya keçiriləcək növbəti futbol üzrə Dünya Çempionatının seçmə mərhələsinin qrup oyunları çərçivəsində dünən Azərbaycan milli yığma komandası Lüksemburq millisi qarşılaşıb. Dünyanın ən zəif komandalarından olan “cırtdan ölkə” yığması qarşısında aciz qalan Foqts və komandası həvəskar səviyyəli rəqibin qapısına yol tapa bilməyib. “Joze Bartel” stadionunda baş tutan qarşılaşma 0:0 hesabı ilə başa çatıb. Qarşılıqlı hücumlar şəraitində keçən matçı minə yaxın azarkeş izləyib.


F qrupunda mübarizə aparan Azərbaycan millisi seçmə mərhələdə 5 oyun keçirib və 3 xal qazanıb. İsrail (1:1), Şimali İrlandiya (1:1) və Lüksemburqla ilə heç-heçə oynayan komanda Portuqaliya (0:3) və Rusiyaya (0:1) yenilib. Lüksemburq isə dünənki matçdən əlavə Şimali İrlandiyadan da (1:1) xal alıb, Portuqaliyaya (1:2) bir, İsrailə iki dəfə (0:6, 0:3) uduzub.

Bunadək Lüksemburq və Azərbaycan yığmaları bir dəfə – yoldaşlıq oyununda üz-üzə gəlmışdi. Həmin oyunda Azərbaycan Fərid Quliyev və Elvin Məmmədovun vurduğu qollarla 2:1 hesablı qələbə qazanmışdı.

Azərbaycan yığması FİFA-nın son açıqlanan reytinq cədvəlində 286 xalla 116-cı pilləni tutub. Lüksemburq isə aktivindəki 157 xalla 151-ci olub.


Qeyd edək ki, qrupun bu gün keçirilməli olan Rusiya-Şimali İrlandiya oyunu isə təxirə salınıb. Hazırda Rusiya 4 oyundan 4 qələbə ilə qrupa liderlik edir. Qrupun növbəti oyunları martın 26-da keçiriləcək. Həmin gün Azərbaycan yığması Portiyaliya millisi ilə Bakıda qarşılaşacaq.