Mirmahmud Mirəlioğlu: Azərbaycanda 22 il ərzində demokratik seçkilər keçirilməyib [Audio-Müsahibə]

Your browser doesn’t support HTML5

Mirmahmud Mirəlioğlu: Azərbaycanda 22 il ərzində demokratik seçkilər keçirilməyib

Sentyabrın 8-də ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta "Azadlıq-2015" seçki blokuna daxil olan siyasi partiyaların sədrləri ilə görüşüb.

Görüşdə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da iştirak edib.

O, Amerikanın Səsinə bildirib ki, görüşdə seçkiqabağı durum, Azərbaycan-ABŞ münasibətləri, siyasi qüvvələr arasında dialoq, demokratiya, insan haqları, Qarabağ məsələsi, siyasi məhbuslar və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Indiyə qədər keçirilən referendum və seçkilərin heç biri ədalərli və azad olmayıb

Seçkiqabağı durumu qiymləndirərkən Mirmahmud Mirəlioğlu hətta ən ağır diktatura rejimlərində belə azad seçkilərin keçirilməsinin mümkünlüyünü qeyd edib.

KXCP-nin sədri ölkədə demokratik seçkilərin keçirilməsinə imkan yaradan siyasi vəziyyət, qanunvericilik, hüquqi bazadan danışarkən indiyə qədər keçirilən referendumlar və seçkilərin heç birinin ədalətli və azad olmadığını vurğulayıb.

Mirmahmud Mirəlioğlu seçkilərin hamısının tənqid hədəfi olmasına baxmayaraq, insan haqlarının müdafiəsi təşkilatları, ATƏT və digər beynəlxalq təsisatların onları irəliyə doğru bir addım kimi qiymətləndirərək, qarşıdan gələn seçkilərin daha ədalətli olacağına ümid bəslədiklərini deyib.

Azərbaycan Mərkəzi Seçki Komissiyası beş seçki blokunu qeydiyyata alıb

“Azərbaycandakı vəziyyəti təsvir etmək nə qəhrəmanlıq, nə Amerika açmaq, nə də ki, hadisələrə yeni baxışdır. Biz bilirik ki, məsələlər heç biri standartlara uyğun gəlmir…. Azərbaycanda problemlər həll edilmir. Məsuliyyət Azərbaycan iqtidarının və bu iqtidarın yetkililəri üzərində qalır. Birmənalı şəkildə seçkiqabağı mühiti demokratik mühitin formalaşması kimi qiymətləndirmək olmaz,” deyə KXCP-nin sədri sözünə davam edib.

Oktyabrın 9-da başlayıb oktyabrın 31-də sona çatacaq seçkiqabağı təşviqatın bütün mühüm məsələlər üzərində cəmləşəcəyini bildirən Mirmahmud bəy deyib ki, konstitusiyaya görə majoritar seçki sistemi olduğu üçün Azərbaycanda namizədlər, seçki blokunda olanlar və müstəqil namizədlər region, rayonların problemlərini önə çəkməklə seçkilərdə iştirak edəcək.

Parlament seçkiləri zamanı "exit-poll" keçirilməsinin seçici fəallığa təsirlərindən danışan Mirmahmud Mirəlioğlu deyib ki, bu proses müstəqil monitoring təşkilatları tərəfindən keçirilsəydi, nəsə demək olardı.

22 il ərzində nə demokratik seçkilər keçirilib, nə də "exit-poll" istədiyimiz nəticəni verib

“Azərbaycanda bu, indiyə qədər olmayıb. Azərbaycanda "exit-poll" keçirənlər kim hansı təşkilata meyillidir, kim hansı namizədə meyillidir daha çox onun seçkinin iştirak faizini artırmağa çalışır. Buna görə də 22 il ərzində nə demokratik seçkilər keçirilib, nə də "exit-poll" istədiyimiz nəticəni verib. Hökumətdən qrant alıb "exit-poll" keçirən təşkilatların bir qısminə beynəlxalq təşkilatların Azərbaycandan çıxarılması ilə meydan açılır və onlar öz işlərini görəcəklər,” deyə Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu söhbətinə yekun vurub.

2015-ci il Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər noyabr ayında keçiriləcək.