"Azərbaycan Saatı"nın fəaliyyəti dayandırılıb

Türkiyədəki olaylar bu TV-yə də təsirsiz ötüşmədi

Xaricdə hazırlanan “Azərbaycan saatı ” proqramı yayımını müvəqqəti dayandırıb.

Bu haqda proqramın qurucusu və aparıcısı, hazırda mühacirətdə yaşayan “ Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid açıqlama yayıb.

Q.Zahid qeyd edir ki, bu məcburiyyət “Azərbaycan saatı”nın yayımlandığı “Barış” TV-nin qapadılmasından yaranıb.

“Türkiyədəki məlum hadisələr bizi də vurdu. Türkiyədə bağlanan 16 telekanal arasında “Azərbaycan saatı ”nın yayımlandığı “Barış” TV də var. Bu səbəbdən “Azərbaycan saatı” proqramı bir neçə həftə efirdə olmayacaq”, deyə Q. Zahid bildirib.

Q.Zahidin yazdığına görə, Türkiyədə qapadılan əksər media strukturlarından fərqli olaraq Barış TV- nin çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fətullah Gülən ilə heç bir əlaqəsi yoxdur.

"Biz “Azərbaycan Saatı”nı yaydığımız kanalların həmişə, ilk növbədə, kimlərə aid olduğunu araşdırmışıq. Hələlik, “Azərbaycan Saatı” online versiyada davam edəcək. Ümid edirəm ki, bu, iki-üç həftədən artıq çəkməyəcək və biz hər hansı bir TV kanalı ilə əməkdaşlığa başlayacağıq ”.

Q.Zahid bildirib ki, bu müddət ərzində proqramı youtube, facebook, azadliq.info və azerbaycansaati.tv saytlarından izləmək mümkün olacaq.

“Azərbaycan saatı ” 2012-ci ilin aprelin 6-dan yayıma başlayıb.