Azərbaycan, Gürcüstan və Türkiyə gömrüyündən təsüratlar

gomruk

“Türkiyəyə müalicəyə getmişdim. Təyyarə ilə getdim, avtobusla gəldim. Türkiyə və Gürcüstanın Azərbaycandan necə fərqləndiyni gördüm. Gömrükdə baş verən özbaşınalıqlardan xəcalət çəkdim.”

Bu sözləri Lənkəran rayonun Gəgiran kənd sakni Əli Axundov AzadlıqRadiosuna açıqlamasında deyib. Onun sözlərinə görə, Türkiyəyə müalicə olunmaq məqsədi ilə gedib. Gözündə yaranmış problemi Azərbaycanda aradan qaldıra bilməyiblər:

“Türkiyədə müalicə həm ucuz, həm də səmərəli oldu. Orada gözümü yoxladılar və müalicə etdilər. Azərbaycanda dərmana verdiyim pul qədər vəsait xərclədim. Çox rahat keçdi. Amma Azərbaycanda məni top kimi ora-bura atırdılar. Türkiyə sərhədindən Gürcüstana keçərkən problemlə üzləşdim. Türkiyə gömrük postunda mənə dedilər ki, 3 gün vaxtın ötüb. Buna görə də cərimə olunursan. Dedim pulumun hamsı müalicəyə gedib. Məni buraxdılar. Gürcüstan gömrüyündən keçmək heç 2 dəqiqə çəkmədi.”

Əli Axundovun deməsinə görə, Gürcüstan gömrüyünün əməkdaşları müsafirlərlə çox nəzakətlə davranırdılar.

''ELƏ BİL İSVEÇRƏDİR”

“Türkiyə-Gürcüstan sərhədindən Azərbaycan sərhədinə qədər yol gəldik. Yolda bir dəfə də olsun polisə rast gəlmədik. Bir yerdə saxlayıb çörək yedik. Xidmətlər çox ucuz. Əvvəllər Gürcüstanda olmuşdum. İndi çox dəyişilib. Elə bil İsveçrədir. Həqiqətən hiss edirsən ki,bu ölkədir,dövlətdir.”

Əli Axundov deyir ki, Sınıq Körpü gömrük məntəqəsinin Gürcüstan tərəfində də heç bir problemlə üzləşməyib. Qanuni şəkildə vətəndaşların sənədlərinə baxılıb və bir neçə dəqiqədən sonra Azərbaycan gömrüyün ərazisinə keçiblər:

“QANIMIZI QARALTDILAR”

"Uzun bir yol gəlmişdik, təəssüratlarımız müsbət idi. Azərbaycan gömrüyündə qanımızı qaraltdılar. Az qalmışdı sərnişinlərin ciblərini yoxlasınlar. Bir neçə dəfə avtobusa baxış keçirtdilər. Sərnişinlərdən bir neçəsi Türkiyədən paltar almışdı, ona görə də avtobusu saxladılar.”

Əli Axundovun deməsinə görə, Azərbaycan gömrüyündə 7 saat durmalı olublar:

“GÜRCÜSTANA ÇATMAĞIMIZ ÜÇÜN İLLƏR LAZIMDIR”

"Onlara dedim ki, mən xəstəyəm, burda bu qədər gözləyə bilmərəm. Ya bu adamları cərimə edib buraxın, ya da malları alın. Heç kimi dinləmədilər, heç kimi saymadılar. Elə bil biz Azərbaycan vətəndaşı deyildik.Bizə Gürcüstana çatmaq üçün illər lazımdır. Ora-bura telefon açdım, nəhayət buraxdılar. Bakıya kimi 3-4 yerdə saxladılar. Səbəbsiz... Saxlayırdılar, sürücü aşağı düşürdi, nə isə danışırdılar, sonra yola düşürdük. Bu yolu keçməklə çox məsələlər mənə bəlli oldu. Gürcüstan qonşumuzdur. Onların gömrük sistemi necə işləyir, bizimkilər görür. Deməli onların qaydası ilə işləmk olar. Sadəcə istəmirlər. Ortada çox böyük pul var".

Azərbaycan Gömrük Komitəsindən isə Əli Axundovun şikayəti ilə bağlı suallarımıza cavab ala bilmədik. Komitədən bundan əvvəl isə bildirmişdilər ki, əgər vətəndaş gömrük qanunvericiliyinin tələblərini tam yerinə yetirirsə heç bir problem də baş vermir.