“Azərbaycan” qəzeti ABŞ-ı çevriliş hazırlamaqda ittiham edir

Azərbaycan qəzeti

Azərbaycanın rəsmi və iqtidaryönümlü mediasında ABŞ və qərb əleyhinə ittihamedici yazıların dərci davam edir. Aprelin 30-da Milli Məclisin deputatlarının, iqtidaryönümlü ekspertlərin, media rəhbərlərinin iştirakı ilə Qərbin ikili standarları mövzusunda dinləmələr də keçirilib. Əsas hədəf isə Amerikadır.

Rəsmi dövlət qəzeti “Azərbaycan”ın baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqovun imzası ilə nəşrin bugünkü sayında dərc olunan “Antiazərbaycançı şəbəkə: tanış ssenari, tanış üslub” başlıqlı məqalədə deyilir ki, ABŞ 90-cı illəri geri qaytarmaq istəyir.

“ABŞ-da və Avropada yaşayanlardan başqa kimsə xoşbəxt olmalı deyil! Həqiqi demokratiya yalnız ABŞ və Avropada mövcuddur! ABŞ və Avropanın dövlət adamları tərtəmizdir, dünyanın qalan yerlərində yaşayanlar isə çirkə bulaşıb! Hazırda dünyada hökm sürən, əməli olaraq beynəlxalq hüququ iflic vəziyyətinə salan ikili standartları yaradanlar və onun o üzündən bu biri tərəfinə baxanlar yerdə qalanları belə təsəvvür edir və görmək istəyirlər”, məqalənin əsas tezisiləri belədir.

Sadıqov yazır ki, onların məqsədi hər bir dövləti özlərinin müəyyən etdiyi yerdə, üstəlik müti, tabe vəziyyətdə görmək, başqaları tərəfindən hazırlanan ssenarilər əsasında fəaliyyət göstərmələrinə nail olmaqdır.

“Dava həm də “yağlı tikə” davasıdır! Zəngin təbii sərvətlər, xüsusilə enerji daşıyıcıları dünyanın harasında çıxarılmasına və hansı dövlətin sərəncamında olmasına baxmayaraq faydasını və xeyrini ABŞ, Avropa İttifaqı görməlidir! Öz xalqının və dövlətinin maraqlarını güdənləri, bu prinsiplərə tabe olmayan dövlətləri isə “ərəb baharları” və “rəngli inqilablar” gözləyir!”, o qeyd edir.

Məqalədə Əfqanıstan hadisələri, Yaxın Şərq və keçmiş SSRİ ölkələrindəki inqilablar yada salınır. Nəhayət, baş redaktor misallarına Lenindən sitat gətirməklə yekun vurur.

“Lenin də kommunizmin dünya üzrə qalib gələcəyinə inanır, hamını da buna inandırmağa çalışırdı. Amma, etiraf da edirdi: Kommunizmi ixrac etmək olmaz. O, hər bir ölkənin daxilində yetişməlidir”.

O, inqilabın Rusiyaya bədbəxtlik gətirdiyini və 50 milyon insanın öz əcəli ilə ölmədiyini yazır.

Amma, müəllif bu yerdə inqilabı doğuran səbəblər və hərəkətverici qüvvələrinin səfalət içərisində yaşayanların olduğu barədə yazmır.

Bəxtiyar Sadıqov Qərb demokratiyasına inananları aşağılayıb.

“Özgə fitilinə gedənlərin “5-ci kolon” kimi “demokratik inqilablara” dəstək verənlərin vicdanı görəsən ağrıyırmı? Tulapayı qrant-muzd müqabilində vətənlərini necə fəlakətlərə saldıqlarının fərqindədirlərmi? Rahatlığa, asudəliyə, azadlığa və demokratik mühitə çıxıblarmı?”, o sual edir.

Müəllif APA agentliyinə istinadən yazır ki, dövlət katibi Con Kerrinin ofisində Azərbaycana qarşı məkrli plan hazırlanıb.

“Plana əsasən 10 ay ərzində - martın 1-dən dekabrın 31-dək aparılacaq bədnam kampaniyanı NED, SOROS Fondu, və İMS maliyyələşdirəcək (əslində ABŞ Konqresi). Kampaniyaya dəstək məqsədi ilə Azərbaycanda “milli şura” adlandırılan qurumun cəlb olunması nəzərdə tutulur. Bütövlükdə iki il müddətində həyata keçiriləcək layihənin preambula hissəsində açıq bildirilir ki, “Azərbaycana öz davranışlarına görə yerini göstərmək zamanı gəlmişdir”.

Baş redaktor Azərbaycanın ABŞ-la əməkdaşlığından - hava məkanını Əfqanıstana gedənlər üçün açdığını, Nyu-York terrorunda ABŞ-ı dəstəklədiyini, enerji layihələrini və başqa əməkdaşlıqlara diqqət çəkir. Bəs bunların müqabilində ABŞ nə edib?

”Hazırki dövlət katibi Con Kerrinin də daxil olduğu bir qrup konqresmenin təşəbbüsü ilə Azərbaycana qarşı yönələn “Azadlığı Müdafiə Aktı”na 907-ci düzəlişi Azərbaycan xalqı özünə qarşı ən böyük ədalətsizlik sayır!”, o qeyd edib.

Məqalədə həmçinin Amerikanın qrantlarının ölkədə internet, azad mətbuatın inkişafı, habelə “5-ci kolona” məxsus QHT-lərə yönəldiyini bildirilir.

“Diqqət yetirsək görərik ki, “ərəb bahar”ında və rəngli inqlablarda ən fəal dağıdıcı qüvvələr də məhz internetdə, mətbuatda və “5-ci kolon”da çalışır”, Sadıqov qeyd edir.

Baş redaktor daha sonra ölkədəki “5-ci kolon” adlandırdığı şəxslərin davamlı olaraq qanunları pozmasına, cinayətlər törətməsinə baxmayaraq Qərb və ABŞ tərəfindən ciddi müdafiə olunduğunu bildirir.

“Hazırda ABŞ-ın nəzarətində olan KİV-lərdə və internet resurslarında Azərbaycana qarşı geniş cəbhə açılıb. Ölkəmizdə insan hüquqları, mətbuat və söz azadlığı, korrupsiya və s. ilə bağlı məsələlər süni və qərəzli şəkildə şişirdilir, birinci Avropa Oyunlarını “boykot” çağırışı edilir” - deyə Sadıqov yazır.

Məqalədə 90-cı illərdən başlayan Dağlıq Qarabağ münaqişəsi fonunda siyasi hakimiyyət dəyişmələri, xaos, mitinqlər, qarşıdurmalarla bağlı hadisələrə istinad edilir və hazırda illərə qayıdış üçün əsaslar olduğunu diqqətə çatdırır.

Öz növbəsində, ABŞ səfirliyi bu günlərdə Azərbaycan mediasında dərc olunan eyni tip məqalələrlə bağlı bəyanatla çıxış edib.

"ABŞ səfirliyi bu yaxında dərc olunan və ABŞ-Azərbaycan münasibətlərini hədəfə alan media məqalələrindən agahdır. Birləşmiş Ştatların Azərbaycan hökumətini devirmək istiqamətində işləməsi barədə iddiaları tamamilə əsassızdır və bizim dövlətlərimiz arasında iyirmi ildən artıq mövcud olan əməkdaşlığa qeyri-ədalətli yanaşmadır. Birləşmiş Ştatlar Azərbaycanın müstəqilliyinin ilkin çağlarından Azərbaycanla çiyin-çiyinə dayanaraq, Əsrin Kontraktını dəstəkləmək də daxil olaraq, Azərbaycanın suverenliyinin və uğurunun təminatına fəaliyyətlər göstərmişdir.

Bizim əməkdaşlığımız zaman boyu yalnız genişlənmişdir. Amerika Azərbaycanın BMT-ın Təhlükəsizlik Şurasında təmsil olunduğu vaxtdan Azərbaycanla sıx şəkildə işləmişdir. Birləşmiş Ştatlar 1992-ci ildən bəri Azərbaycana humanitar yardım da daxil olmaqla, dəyəri 1,3 milyard ABŞ dollarından artıq yardımlar göstərmişdir. Sözügedən yardımlar müxtəlif sahələrə yönəlmişdir və bu sırada sağlamlığın qorunması və sanitariya, 5000 nəfərdən çox azərbaycanlının ABŞ-da təhsilinin və təliminin təminatı, Azərbaycan qadınlarının biznesdə və digər sahələrdə rolunun gücləndirilməsi, fermerlərə gəlirlərinin artırılması və işlərinin səmərəsinin artırılması üçün texniki yardım və Azərbaycana qlobal təhlükəsizliyin təminatında və terrorçuluğa qarşı mübarizədə öz dəyərli rolunu oynamağa dəstək verən hərbi əməkdaşlıqdır.

Bizim Azərbaycana göstərdiyimiz dəstək ABŞ hökumətinin ən yüksək səviyyələrindən gəlir. Dövlət Katibi Kerri Prezident Əliyevlə həm görüşlər zamanı, həm də əlaqə saxlayaraq tərəfdaşlığımızın gücləndirilməsini müzakirə edib. Sübhəsiz ki, Birləşmiş Ştatlar Azərbaycanla tərəfdaşlıq edərək Azərbaycanın mümkün dərəcədə müstəqil, sabit, zəngin və demokratik gələcəyinin təminatı öhdəliyinə sadiqdir" -deyə bəyanatda qeyd edilir.