Azərbaycan Türkiyə hərbi əməkdaşlığının perspektivləri müzakirə edilib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel və Azərbaycan müdafiə naziri Zakir Həsənov

Azərbaycan müdafiə naziri ilə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi danışıqlar aparıb
Azərbaycanda rəsmi səfərdə olan Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel ilə Azərbaycan müdafiə naziri Zakir Həsənovun görüşü olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə Z.Həsənov Azərbaycanla Türkiyə arasında hərbi sahədə əməkdaşlığın ikitərəfli və NATO vasitəsilə həyata keçirilən sülhməramlı əməliyyatlar çərçivəsində aparıldığını, bu strateji tərəfdaşlığın yüksələn xətt üzrə inkişaf etdiyini, qardaşlıq münasibətləri əsasında qurulduğunu və bu əlaqələrin davamlı olduğunu qeyd edib.

Müdafiə naziri bölgədəki hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistan ilə Azərbaycan arasında münaqişənin regional sabitliyə əsas təhlükə yaratdığını, problemin beynəlxalq hüquq norma və qaydalarına uyğun həllinə nail olunmasının vacibliyini diqqətə çatdırıb.

N.Özel öz növbəsində Azərbaycanla əlaqələrin qədim tarixi kökə, mehriban dostluq ənənələrinə əsaslandığını və Türkiyənin Azərbaycanın vacib tərəfdaşı olduğunu qeyd edib.

Sonra Azərbaycan və Türkiyə Silahlı Qüvvələri arasında əlaqələrin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Görüşün sonunda müdafiə naziri Zakir Həsənovun əmri ilə iki ölkə arasında hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdiyi xidmətlərə görə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Necdet Özel Azərbaycanın "Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə" medalı ilə təltif olunub.