Eldar Sabiroğlu: Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vura bilərik

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri cəbhə xəttində mətbuat konfransı keçirib
“Azərbaycan Silahlı Qüvvələri strateji obyektlərini qorumağa qadirdir. Elə radar sistemimiz var ki, düşmənin atdığı raketi yerindəcə təsbit edir və anında zərərsizləşdirə bilir. Ermənistanın elə obyekti hədəfimizdədir ki, bir neçə dəqiqə ərzində onu vurarıq. Bu da Ermənistanın bir dövlət kimi özünün taleyini sual altına qoyur”.

Bu barədə APA agentliyi Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlunun Ermənistan-Azərbaycan cəbhəsi bölgəsində - Tərtər rayonunda keçirdiyi mətbuat konfransındakı çıxışına istinadən bildirib.

E. Sabiroğlu Azərbaycanın 21 ölkədə hərbi attaşesinin və nümayəndəsinin olduğunu, 53 ölkə ilə hərbi əməkdaşlıq etdiyini, silahlı qüvvələrin bütün ştat strukturunun NATO standartlarına uyğunlaşdırıldığını deyib.

“Hərbi ali məktəblərimiz o dərəcədə inkişaf edib ki, hazırda burada Qazaxıstan, Qırğızıstan və Tacikistandan təhsil alanlar var. Daha bir neçə ölkə də təhsil üçün müraciət edib. NATO-nun mənzil qərargahlarında silahlı qüvvələrimizin zabitləri NATO zabitləri kimi xidmət edir. NATO qərargahlarında xidmət edən zabitlərimizin sayı artır. İngiltərənin Norfolk şəhərindəki Hərbi Dəniz Qüvvələrinin qərargahına Azərbaycan Hərbi Dəniz Qüvvələrinin zabiti göndəriləcək. Hazırda buna hazırlıq işləri gedir”, o bildirib.

Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, Azərbaycan Ordusunun döyüş bölgəsində, təmas xəttində ən müasir silahlar yerləşdirilib.

“Ermənistan silahlı qüvvələrinin təcavüzünün qarşısını almaq önümüzdə duran əsas vəzifələrdəndir. Bu an uzaqda deyil. Daha dözüm də qalmayıb. Düşünürəm ki, yaxın vaxtlarda torpaqlarımızın işğaldan azad edilməsinin şahidi olacağıq”.

E. Sabiroğlu Azərbaycanda son illər ordu quruculuğu istiqamətində böyük işlər aparıldığını da vurğulayıb: “Bunun birincisi silahlanmadır. Ən müasir silahlar almışıq və bununla düşmənin istənilən məsafədəki hədəflərini vura bilərik. İkincisi, şəxsi heyətin döyüş ruhunun yüksəldilməsidir”, o qeyd edib.

Xatırladaq ki, bir neçə həftə öncə Ermənistan Müdafiə Nazirliyinin yüksək vəzifəli rəsmisi Azərbaycanın strateji iqtisadi obyektlərini vuracaqları ilə hədələmişdi.