İnformasiya azadlığı korrupsiyaya qarşı mübarizənin girovudur

Korrupsiya müzakirəsi

Azərbaycanda Avropa ölkələrinin korrupsiyaya qarşı mübarizə təcrübəsindən istifadə yolları və imkanları müzakirə edilib.
Bakıda keçirilən beynəlxalq konfransda Azərbaycanda Avropa ölkələrinin korrupsiyaya qarşı mübarizə təcrübəsindən istifadə yolları və imkanları müzakirə edilib. Tədbir “Cəmiyyətin və vətəndaş münasibətlərinin inkişafı” QHT tərəfindən Marşall Fondunun dəstəyi ilə həyata keçirilən “Korrupsiyaya qarşı mübarizə: yeni fikirlər, yeni yanaşmalar, yeni qüvvələr” layihəsi çərçivəsində təşkil edilib.
Freedom House hüquq-müdafiə təşkilatının Rumıniya şöbəsinin rəhbəri Guset Kristina Adrian (Guseth Cristina Adrian) ölkəsindən nümunə gətirərək, Aİ-də korrupsiyaya qarşı mübarizə mexanizmlərindən danışıb. Rumıniyada korrupsiyaya qarşı mübarizənin qanunvericilik bazası sərbəst informasiya əldə edilməsi haqqında qanundur. Bu sənəd jurnalistlərin istənilən rəsmi dövlət sənədləri əldə etməsinə zəmanət verir.
Qeyd edək ki, Azərbaycan hökuməti tamamilə əks istiqamətdə hərəkət edir və bu günlərdə prezident iqtisadi xarakterli informasiya və şirkət sahibləri haqqında məlumatlar əldə edilməsi imkanlarını məhdudlaşdıran qanunvericiliyə yeni düzəlişləri təsdiq edib.
Rumıniyada korrupsiyaya qarşı yönəlmiş digər bir sənəd isə “Günəş işığı haqqında” qanundur. Bu bədii ifadə ölkənin istənilən qanununun qəbulundan öncə onun ictimai müzakirə olunması zərurətini nəzərdə tutur. Bundan başqa, Rumıniyada “carçılar” haqqında qanun qüvvədədir. “Bu, korrupsiya faktlarını elan edən insanlardır. Təbii ki, onlar təhlükəyə məruz qalırlar, buna görə qanun onların əlavə müdafiəsini təmin edir”, deyə ekspert izah edib.
Korrupsiya əleyhinə tədqiqatlar üzrə müstəqil Milli Agentlik korrupsiyaya qarşı təcrübi iş aparır. Ekspert qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin effektivliyi üçün bu sahədə tədbirlərin kampaniya xarakterli deyil, daimi olmasıdır.
Gürcüstanlı ekspert Eka Gegeşidze ölkəsində, xüsusən gömrük, polis, səhiyyə və s. sahələrdə uğurlu islahat təcrübəsindən və korrupsiyanın səviyyəsinin ciddi şəkildə azalmasından danışıb.
Azərbaycan QHT-lərin Antikorrupsiya Şəbəkəsinin koordinatoru Əliməmməd Nuriyev Azərbaycan hakimiyyətinin elektron hökumət formalaşdırılması, “Açıq hökumət” beynəlxalq təşəbbüsünə qoşulması və s. addımlarını müsbət qiymətləndirib. Lakin, bu addımlar qanunvericiliyin təkmilləşdirilməsi ilə qüvvətləndirilməlidir.
Xüsusən, vəzifəli şəxslərin maraqlarının toqquşması haqqında, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında, korrupsiya faktları haqqında məlumat verən şəxslərin hüquqi müdafiəsi haqqında qanunlar qəbul edilməlidir. Nuriyev hesab edir ki, korrupsiyaya görə məsuliyyəti artıran qanunlarla yanaşı, biznes iqliminin yaxşılaşdırılması üzrə addımlar atılmalıdır. Xüsusən, əsassız iqtisadi yoxlamalara son qoyulması, lisenziyaların verilməsi qaydaları haqqında (hazırda bu Nazirlər Kabineti tərəfindən müəyyən olunur) qanunların, Rəqabət haqqında Məcəllənin qəbul edilməsi zəruridir.