Azərbaycan və Gürcüstan müdafiə nazirləri görüşüb

Zakir Həsənov və Tinatin Xidaşeli

Azərbaycanın müdafiə naziri Zakir Həsənov gürcüstanlı həmkarı Tinatin Xidaşeli ilə görüşüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumatına görə, görüşdə nazir Zakir Həsənov Azərbaycan və Gürcüstanın hərbi əməkdaşlığının ikitərəfli və NATO vasitəsilə həyata keçirilən proqramlar və treninqlər çərçivəsində, eləcə də Azərbaycan-Türkiyə-Gürcüstan hərbi qurumları formatında aparıldığını deyib.

Müdafiə naziri iki dövlət arasında strateji tərəfdaşlığın daim inkişaf etdiyini, onun dostluq münasibətləri üzərində qurulduğunu və dərin tarixi köklərə malik olduğunu xatırladaraq Ermənistanın regional sabitliyə əsas təhlükə yaratdığını, dövlət səviyyəsində daim separatizmi dəstəklədiyini və cəbhəboyu zonada gərginliyi artırmaq cəhdlərini diqqətə çatdırıb. Sonra Azərbaycanla Gürcüstan Müdafiə nazirlikləri arasında əlaqələrin müəyyən edilmiş istiqamətlər üzrə genişləndirilməsi, hərbi, hərbi təhsil sahələrində əməkdaşlıq imkanları, Silahlı Qüvvələrin müxtəlif bölmələrinin iştirakı ilə birgə hərbi təlimlərin keçirilməsinin perspektivləri, qarşılıqlı işçi görüşlərin təşkili, o cümlədən maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.

Səfər dekabrın 3-dək davam edəcək.